...

Xarkovda təntənəli Novruz şənliyi keçirilib

Cəmiyyət Materials 21 Mart 2016 13:58 (UTC +04:00)
Xarkov şəhərində təntənəli Novruz şənliyi keçirilib.
Xarkovda təntənəli Novruz şənliyi keçirilib

Bakı. Trend:

Xarkov şəhərində təntənəli Novruz şənliyi keçirilib.

Trend-in məlumatına görə, Azərbaycanın Xarkov şəhərindəki Fəxri konsulluğunun təşəbbüsü ilə keçirilən Novruz şənliyində Xarkov, Sumı və Çerniqov vilayət dövlət administrasiyasının rəsmiləri, tanınmış elm və mədəniyyət xadimləri, deputatlar, diplomatik korpusların nümayəndələri, diaspor və media təmsilçiləri iştirak ediblər.

Tədbirə qatılanlar əvvəlcə Xarkov Opera və Balet Teatrının foyesində təşkil olunmuş Xarkov şəhərində yaşayan azərbaycanlı rəssamların əsərlərindən ibarət sərgi ilə tanış olublar.

Azərbaycanın Dövlət himninin sədaları altında başlanan bayram konsertini Azərbaycanın Xarkov şəhərindəki fəxri konsulu Əfqan Salmanov açaraq, Novruzun qədim və zəngin adət-ənənələrindən danışıb. Belə bir füsünkar bayramın vaxtilə keçirilməsinə yasaq qoyulduğunu diqqətə çatdıran fəxri konsul 1993-cü ildə ikinci dəfə hakimiyyətə gələn ulu öndər Heydər Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində Azərbaycan xalqının öz maddi və mənəvi sərvətlərinə sahib çıxdığını, Novruz adət-ənənələrinin isə ümumxalq bayramına çevrildiyini nəzərə çatdırıb.

Baharın gəlişi münasibətilə Azərbaycan və Ukrayna xalqlarına sülh və əmin-amanlıq, ölkələrimizə ruzi və bərəkət arzulayıb. Tədbirdə Ukrayna parlamentinin deputatı Vyaçeslav Medunitsa, Xarkov vilayəti Deputatlar şurasının sədr müavini Viktor Kovalenko, Sumı vilayətinin vitse-qubernatoru İrina Kupreyçik və digər rəsmi şəxslər çıxış edərək, iqtisadi inkişaf tempinə görə Cənubi Qafqazda lider, beynəlxalq arenada nüfuzlu dövlətə çevrilən müstəqil Azərbaycan Respublikasının öz maddi və mənəvi dəyərlərinə sahib çıxmasının fərəhləndirici hal olduğunu vurğulayıblar.

Son dövrlər Azərbaycanın Xarkov şəhərindəki Fəxri konsulluğunun təşəbbüsü ilə Azərbaycan və Ukrayna arasında regional əməkdaşlığın sürətlə inkişaf etdiyini bildirən natiqlər müstəqillik illərinin yüksək inkişaf və intibah tarixini yaşayan Azərbaycan xalqına bayram təbriklərini çatdırıblar.

Çıxışlardan sonra tədbir Azərbaycan və Ukraynanın tanınmış mahnı və rəqs kollektivlərinin konsert proqramı ilə davam etdirilib.

Tədbirin sonunda Azərbaycan-Ukrayna münasibətlərinin inkişafında yüksək xidmətləri olan bir qrup şəxsə Azərbaycanın Xarkovdakı Fəxri konsulluğunun fəxri diplomları təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti