Bakı. İlhamə İsabalayeva - Trend:
Əvvəlki illərdəki qəbulun nəticələri də göstərir ki, Siyəzən, Salyan rayonlarının, Bakı şəhərinin Suraxanı, Xəzər, Qaradağ rayonlarından olan, həmçinin Neftçala rayonunun abituriyentlərinin texniki ixtisaslara maraqları yüksəkdir və bu, bir ənənəyə çevrilib.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Trend-ə verilən məlumata görə, buna əsas səbəb həmin bölgələrdə dəqiq fənlərin, xüsusən riyaziyyat, fizika fənlərinin tədrisi səviyyəsinin yüksək olması, həmçinin texniki elmlərlə bağlılığı olan sənaye müəssisələrinin mövcudluğudur.
Komissiyadan bildirilib ki, 2015-ci ildə Siyəzən, Salyan rayonlarının, Bakı şəhəri Qaradağ rayonunun, həmçinin Neftçala rayonunun oğlan abituriyentləri yüksək faizlə (uyğun olaraq, 68.66%, 65.90%, 63.09% və 62.79%) texniki ixtisaslar qrupunu seçiblər. İmişli, Bərdə, Göyçay, Zərdab, Naxçıvan MR Kəngərli rayonlarının, Gəncə, Mingəçevir şəhərlərinin, Bakı şəhərinin Binəqədi, Nəsimi, Nərimanov və Səbail rayonlarının oğlan abituriyentləri iqtisad və idarəetmə ixtisaslarına, Füzuli, Şamaxı, İmişli, Ağcabədi, Abşeron rayonlarının, Naxçıvan MR-in Şərur rayonunun, Bakı şəhəri Xəzər, Suraxanı və Nərimanov rayonlarının qız abituriyentləri isə humanitar ixtisaslara daha çox üstünlük veriblər.
V qrupun ixtisaslarına isə daha çox Naxçıvan və Gəncə şəhərlərinin, Abşeron rayonunun, Naxçıvan MR-in Şərur, Babək, Şahbuz rayonlarının oğlan, Naxçıvan və Gəncə şəhərlərinin qız abituriyentləri üstünlük veriblər.