...

Nazir: Bakalavr təhsili üçün yalnız nadir hallarda xaricə göndəriləcək

Cəmiyyət Materials 20 Aprel 2016 17:00 (UTC +04:00)
Namizədlər xaricdə təhsil üzrə yeni dövlət proqramı çərçivəsində bakalavr təhsili almaq üçün xaricə yalnız nadir hallarda (seçilən ixtisas Azərbaycanda tədris olunmadıqda) göndərilə bilər.
Nazir: Bakalavr təhsili üçün yalnız nadir hallarda xaricə göndəriləcək

Bakı. İlhamə İsabalayeva - Trend:

"Namizədlər xaricdə təhsil üzrə yeni dövlət proqramı çərçivəsində bakalavr təhsili almaq üçün xaricə yalnız nadir hallarda (seçilən ixtisas Azərbaycanda tədris olunmadıqda) göndərilə bilər. Çünki Azərbaycanda bu sahədə bir çox irəliləyişlər əldə olunub". Trend-in məlumatına görə, bunu jurnalistlərə təhsil naziri Mikayıl Cabbarov deyib.

Onun sözlərinə görə, Azərbaycan Prezidentinin təşəbbüsü ilə xaricdə təhsili üzrə birinci Dövlət Proqramının (2007-2015-ci illər) həyata keçirildiyi müddətdə 3500-dən artıq tələbə, magistr və doktorant bu proqram üzrə təhsil almaq hüququ əldə edib.

Nazir qeyd edib ki, proqramın icrası keçən il sona çatıb. Proqram qarşısında qoyulan əsas məqsədlərin bəziləri yerinə yetirilmiş kimi qəbul olunur.

M.Cabbarov əlavə edib ki, birinci proqram tətbiq olunduğu dövrdə tələbələrin əsas hissəsi bakalavr təhsil pilləsinə göndərilirdi: "Gələcəkdə tətbiq olunmalı əsas yanaşmalardan biri yeni proqramın fokusunun iki istiqamətdə dəyişdirilməsidir. Buraya bakalavrlardan daha çox magistr və doktorant səviyyəsində təhsil almağa göndərilən, artıq müəyyən nailiyyətlərə imza atan namizədlərə üstünlük verilməsi aiddir. Digər yenilik və istiqamət ölkənin aparıcı universitetlərinə xaricdən professor və müəllimlərin cəlb edilməsi məsələsi olacaq. Strateji məqsəd öz milli təhsil sistemimizin ənənələrinə əsaslanaraq onu sürətli şəkildə müasirləşdirmək və dəyişiklikləri mümkün qədər qısa müddətdə rəqabətli etməkdir".

Nazir hesab edir ki, ali təhsilimiz beynəlmiləlləşmə prosesindən geridə qalmamalıdır: "Burada söhbət proqramın ləğvindən deyil, onun resurslarından daha müfəssəl, planlaşdırılmış və düşünülmüş şəkildə, daha faydalı istifadə etməkdən gedir. Təbii ki, proqrama edilməsi nəzərdə tutulan dəyişikliklər kosmetik xarakter daşımır, bu, strateji dəyişikliklərdir. Bununla bağlı aidiyyəti hökumət qurumları ilə razılaşdırmalar və yekun sənədlərin hazırlanması tələb edilir. Proqram xaricdə təhsil almaq üçün yeganə alət deyil. Çünki Azərbaycanın bir çox xarici ölkələrlə ikitərəfli müqavilələri mövcuddur. Dövlət xətti ilə tələbələr həmin ölkələrin ali təhsil müəssisələrinə göndərilir. Bu il də həmin praktika davam etdiriləcək".

M.Cabbarov qeyd edib ki, bu gün Dövlət Neft Fondu xaricdə təhsil proqramı üzrə təhsil alan 1500-dən çox tələbəmizin ödənişlərini vaxtı-vaxtında ödəyir. Bu baxımdan heç bir problem və çətinlik yoxdur. Əlavə mənbələr hər zaman ola bilər. Belə hal istisna deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti