...

BANM Almaniya universitetləri ilə əlaqələrini genişləndirir

Cəmiyyət Materials 5 May 2016 12:10 (UTC +04:00)
BANM Almaniya universitetləri ilə əlaqələrini genişləndirir.
BANM Almaniya universitetləri ilə əlaqələrini genişləndirir

Bakı. Trend:

Almaniyanın Boxum Rur Universitetindən Almaniya Bundestaqının sabiq üzvü, Boxum Rur Universitetinin Mədən və Enerji hüququ İnstitutunun təşviqi birliyinin fəxri sədri, Almaniyanın Xristian Demokratlar İttifaqı (CDU) partiyasının Təqaüdçülər Birliyinin (Senioren Union) federal sədri və həmçinin, CDU partiyasının rəyasət heyətinin üzvü, fəxri professor Otto Vulfun rəhbərlik etdiyi nümayəndə heyəti Bakıya səfəri çərçivəsində Bakı Ali Neft Məktəbində olub (BANM) və bu ali təhsil ocağının rəhbərliyi və professor-müəllim heyəti ilə görüş keçirib.

Bu barədə Trend-ə BANM-nin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

BANM-in rektoru Elmar Qasımov qonaqları salamlayaraq onları BANM-də görməkdən məmnunluğunu bildirib. Rektor Azərbaycan-Almaniya əlaqələrindən danışaraq, elm və təhsil sahəsində iki ölkə arasında əməkdaşlıqdan söz açıb. Elmar Qasımov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərmanı ilə yaradılmış Ali Məktəbin yaranma tarixi, qısa zaman çərçivəsində əldə etdiyi uğurları, fəaliyyət istiqamətləri, beynəlxalq əlaqələri və yeni kampusu haqqında qonaqlara ətraflı məlumat verib.

Rektor Elmar Qasımov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Biz neft kapitalını insan kapitalına çevirməliyik" şüarının öz təsdiqini tapdığını vurğulayıb. Ali Məktəbin bir sıra beynəlxalq şirkətlərlə əməkdaşlıq etdiyini deyən rektor Elmar Qasımov BANM-in Almaniyanın E.ON şirkəti ilə əlaqələrinin qurulduğunu, həmçinin Almaniyanın Axen Universiteti ilə bərpaolunan enerji ilə bağlı əməkdaşlıq etdiyini bildirib.

Rektor, həmçinin bildirib ki, Avropa təhsil sisteminin tələblərinə uyğun yaradılmış Ali Məktəb Avropanın mühəndislik sahəsində fəaliyyət göstərən aparıcı təhsil müəssisələri ilə əlaqələrin qurulmasına xüsusi önəm verir. O, Almaniyanın Boxum Rur Universiteti ilə tələbə və professor-müəllim heyətinin mübadiləsi, tədris və tədqiqat sahəsində əməkdaşlıq etməyə maraqlı olduğunu qeyd edib.

Fəxri professor Otto Vulf öz çıxışında Bakıya səfərdən məmnunluq bildirərək Azərbaycanın ən qabaqcıl ali təhsil ocağı olan BANM-in rəhbərliyinə səmimi qəbula görə təşəkkürünü bildirib. Almaniyanın ən böyük təhsil ocaqlarından biri olan Boxum Rur Universiteti haqqında danışan professor Otto Vulf sözügedən universitetin Almaniyada bakalavr və magistr dərəcələri üzrə tədrisi tətbiq edən ilk universitetlərdən biri olduğunu bildirib.

Qonaqlar Azərbaycanda yüksək ixtisaslı ingilisdilli mühəndis hazırlayan BANM ilə mümkün əməkdaşlığın perspektivləri haqqında müzakirələr aparıblar.

Görüşdə, həmçinin gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub və hər iki ali təhsil müəssisəsinin professor-müəllim heyəti arasında enerji siyasəti, bərpaolunan enerji, hüquqi və iqtisadi mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti