...

Yol hərəkətinin təhlükəsizliyi ilə bağlı "Keçid əməliyyatı" layihəsinin yekunları təqdim edildi (FOTO)

Cəmiyyət Materials 10 May 2016 17:01 (UTC +04:00)
Vaqif Əsədov bildirib ki, piyadaların qanunla müəyyən olunmuş keçid və zolaqlardan istifadə etməməsi nəticədə yol qəzalarına səbəb olur. Bu qəzalar isə piyadaların həyatını itirməsi ilə nəticələnir.
Yol hərəkətinin təhlükəsizliyi ilə bağlı "Keçid əməliyyatı" layihəsinin yekunları təqdim edildi (FOTO)

Bakı. Samir Əli - Trend:

Bu gün Daxili İşlər Nazirliyinin Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi və Qafqaz Universitetinin tələbələrinin təşkilatçılığı ilə fevral və aprel ayları ərzində paytaxtda həyata keçirilən yol hərəkətinin təhlükəsizliyi ilə bağlı "Keçid əməliyyatı" layihəsinin yekunları üzrə tədbir keçirilib.

Trend-in məlumatına görə, tədbiri giriş sözü ilə açan Qafqaz Universitetinin rektoru Ahmet Saniç bu cür tədbirlərin keçirilməsinin vacibliyindən danışıb. Bildirib ki, bu cür layihələr bütün ali təhsil müəssisələri tərəfindən icra edilməli və yollarda hərəkətin təhlükəsizliyi ilə bağlı maarifləndirmə işləri gücləndirilməlidir.

Azərbaycanda yol hərəkətinin təhlükəsizliyində sürücülərlə yanaşı, piyadaların da rolunun olduğunu deyən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov isə bildirib ki, piyadaların qanunla müəyyən olunmuş keçid və zolaqlardan istifadə etməməsi nəticədə yol qəzalarına səbəb olur. Bu qəzalar isə piyadaların həyatını itirməsi ilə nəticələnir.

Qafqaz Universitetinə bu layihəyə görə təşəkkürünü bildirən V.Əsədov deyib ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi istənilən təhsil müəssisəsinin bu cür təbliğat xarakterli layihələrini dəstəkləməyə hazırdır.

Çıxışlardan sonra layihə çərçivəsində Qafqaz Universiteti tələbələrinin BŞDYPİ əməkdaşları ilə birgə Qafqaz TV-də hazırladığı "Bir dəqiqə, yoxsa bir ömür" videoçarxı təqdim olunub. Videoçarxda avtomobil yollarında piyadaların təhlükəsizliyi ilə bağlı keçirilən reydlər, piyadalar arasında aparılan təbliğatlar nümayiş olunur.

Tədbirin sonunda videoçarxı hazırlayan Qafqaz Universiteti tələbələrinə və Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarına fəxri fərman, diplom və təşəkkürnamələr təqdim edilib.

Tədbirdən sonra qonaqlar Qafqaz Universiteti ilə tanış olublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti