...

Formula 1 ilə əlaqədar paytaxtda nəqliyyatın hərəkət xətti

Cəmiyyət Materials 17 İyun 2016 10:28 (UTC +04:00)
Bu gündən etibarən Bakıda "Formula 1" Avropa Qran Prisinə start verilir.
Formula 1 ilə əlaqədar paytaxtda nəqliyyatın hərəkət xətti

Bakı. Elçin Mehdiyev - Trend:

Bu gündən etibarən Bakıda "Formula 1" Avropa Qran Prisinə start verilir.

Yarışla əlaqədar Bakının mərkəzi küçələrində nəqliyyatın, o cümlədən sərnişin avtobuslarının hərəkət xətti dəyişdirilib.

Trend-in məlumatına görə, "Azadlıq" meydanından başlayaraq - A.Puşkin, Xaqani, Bülbül, Əziz Əliyev, Qoşa Qala Qapısı, İstiqlaliyyət, Niyazi küçə və prospektləri, Azneft dairəsi, Dənizkənarı Bulvar boyu Neftçilər prospekti ilə bitişən, kəsişən yollara, yolayrıcları və yol qovşaqlarına məhdudiyyət tətbiq olunur.

Yarış marşrutunun əhatə etdiyi çevrə daxilindən kənar yollara çıxmaq üçün nəqliyyat vasitələri Cənub tərəfdən - Ələt-Astara-Salyan yolunun 14 km-dən 20-ci sahə, Bayıl qəsəbəsi, Bayraq meydanı, eləcə də Cavanşir körpüsü ətrafından cənuba doğru gedən sürücülərin nəzərinə çatdırılır ki, alternativ variant olaraq, Afiyyədin Cəlilov-Yusif Səfərov, Yusif Səfərov-28 May küçələri kəsişməsindən, 10-cu zavod dairəsindən, eləcə də Nobel prospektinin Nəcəfqulu Rəfiyev küçəsi kəsişməsindən, Səməd Vurğun və Bülbül küçələrindən Füzuli küçəsi ilə kəsişən hissəsində istiqamət dəyişdirilib.

Bununla yanaşı, yarış zamanı tamaşaçıların daşınmasını təmin edəcək ictimai nəqliyyat vasitələri də müəyyən edilib. Yarış ərəfəsində və yarış zamanı Bakının mərkəzi küçələrində nəqliyyatın fasiləsiz hərəkətini təmin etmək məqsədilə hazırlanan nəqliyyatın idarə olunması planına əsasən, trekin yaxınlığından keçən avtobuslar və metronun müəyyən stansiyaları səhər saat 06:00-dan gecə saat 02:00-dək, yəni gün ərzində ümumilikdə 20 saat xidmət göstərəcək. Yarış həftəsi ərzində 65, 5 və 53 nömrəli avtobuslar müvafiq olaraq 5, 3 və 6 dəqiqəlik intervalla hərəkət edəcəklər.

Trekə gəlmək üçün 65 nömrəli avtobusun xidmətindən yararlanmaq istəyən tamaşaçılar Azərbaycan prospektində Mərkəzi Univermağın yaxınlığında yerləşən dayanacaqda enərək bilet aldığı tribunaya qədər piyada hərəkət etməlidirlər. 65 nömrəli avtobus bu dayanacaqlardan keçir: Füzuli meydanı - M.Muxtrov küçəsi - Nizami küçəsi - S.Rüstəmov küçəsi - Ə.Cavad küçəsi - Azərbaycan prospekti - Füzuli meydanı - Z.Əhmədbəyov küçəsi - Tbilisi prospekti - 20 Yanvar küçəsi - H.Məhərrəmov küçəsi - Mir Cəlal küçəsi.

Trekə 5 nömrəli avtobusla gəlmək istəyən tamaşaçılar Rəşid Behbudov ilə Nizami küçələrinin kəsişməsində yerləşən dayanacaqda enərək bilet aldıqları tribunaya piyada yaxınlaşmalıdırlar. 5 nömrəli avtobusun keçdiyi dayanacaqlar bunlardır: "N.Nərimanov" metro stansiyası - "28 May" metro stansiyası - Azadlıq prospekti - Nizami küçəsi - R.Behbudov küçəsi - "N.Nərimanov" metro stansiyası.

Trekə 53 nömrəli avtobus vasitəsilə gəlmək istəyən bilet sahibləri isə Bakı İdman Sarayının qarşısında yerləşən dayanacaqda enərək bilet aldıqları tribunaya tərəf piyada getməlidirlər. 53 nömrəli avtobus aşağıdakı dayanacaqlardan keçir: Bayıl (2-ci sahə) - Dövlət Bayrağı Meydanı - Bakı İdman Sarayı.

Bununla yanaşı, tamaşaçılar yarışın keçiriləcəyi məkana metro vasitəsilə də gələ bilərlər. Bunun üçün bilet sahibləri "28 May", "Sahil" və "İçərişəhər" metro stansiyalarında düşərək trekə yaxınlaşa bilərlər.

Məhdudiyyət qoyulan yollar üzrə hərəkət edən marşrut xətləri isə 5, 6, 124, 88, 195 və 53-dür. Bu siyahıda sadalanan marşrut xətləri yuxarıda qeyd olunan alternativ yollardan istifadə edəcəklər.

Qeyd edək ki, yarış həftəsi ərzində şəhər sakinlərinin maneəsiz hərəkətini təmin etmək üçün trek ərazisində yerləşən daimi yeraltı keçidlər gün boyu açıq olacaq və bununla yanaşı, piyadalar trekin müəyyən yerlərində yeni qurulacaq müvəqqəti yerüstü keçidlərdən də istifadə edə biləcəklər. Müvəqqəti salınacaq yerüstü keçidlər Azərbaycan prospekti ilə İstiqlaliyyət küçəsinin və Xaqani ilə Rəşid Behbudov küçələrinin kəsişmələrində yerləşəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti