...

7 rayonda əlilliyi olan şəxslərə səyyar protez-ortopedik bərpa xidməti göstərilir

Cəmiyyət Materials 20 İyul 2016 10:44 (UTC +04:00)

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən daha 7 rayonda səyyar protez-ortopedik bərpa xidmətinə başlanılıb.

Bu barədə Trend-ə Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

ƏƏSMN tərəfindən ölkəmizin bölgələrində əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar üçün səyyar protez-ortopedik bərpa xidməti davam etdirilir.

Nazirliyin Protez-Ortopedik Bərpa Mərkəzinin tibbi-texniki briqadası iyulun 19-da Ucar və Ağdaş rayonlarında olaraq müvafiq şəxsləri protez-ortopedik bərpa xidməti ilə təmin edib.

Bu gün saat 9.00-dan 13.00-dək Bərdə rayon Əhalinin sosial müdafiəsi mərkəzinin (ƏSMM) və saat 14.00-dan 18.00-dək Tərtər rayon ƏSMM-nin inzibati binalarında, iyulun 21-də saat 9.00-dan 13.00-dək Ağdam rayon ƏSMM-nin inzibati binasında və saat 14.00-dan 18.00-dək Ağcabədi rayon mərkəzi xəstəxanasında əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud uşaqlara səyyar protez-ortopedik bərpa xidmətinin göstərilməsi nəzərdə tutulub.

Tibbi-texniki briqada iyulun 22-də saat 10.00-dan 14.00-dək Zərdab rayon İcra Hakimiyyətinin qonaq evində fəaliyyətini davam etdirəcək.

Həmin rayonlar üzrə protez-ortopedik bərpa xidmətinə ehtiyac duyan şəxslərin əvvəlcədən qeydiyyatı aparılıb. Bununla yanaşı, tibbi-texniki briqadaya birbaşa müraciət edən əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar da müvafiq xidmətlərlə təmin olunurlar.

Xatırladaq ki, cari ilin ilk yarımilində Protez-Ortopedik Bərpa Mərkəzi, onun Gəncə şəhərindəki filialı və Naxçıvan istehsalat sahəsi tərəfindən əlilliyi olan şəxslər 17,4 mindən çox protez-ortopedik məmulat və reabilitasiya vasitəsi ilə təmin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti