Bakı. İlhamə İsabalayeva - Trend:
XXXI Yay Olimpiya Oyunlarında iştirak etmiş idmançılarımızın Azərbaycana qayıdarkən tibbi müayinələrdən keçirilməsi nəzərdə tutulmayıb.
Bunu Trend-ə Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva bildirib.
Onun sözlərinə görə, Yay Olimpiya Oyunlarının keçirildiyi Braziliyada epidemioloji vəziyyət sabit olub: "Bununla belə, hər bir insan səhhətində problem olarsa, özü tibb müəssisəsinə müraciət edə bilər. Braziliyaya gedən idmançılarımızın tibbi müayinələrdən keçirilmələri nəzərdə tutulmayıb. Çünki orada idmançılarımızın hər hansı virusa yoluxma ehtimalı yox idi. Braziliyada epidemioloji vəziyyət sabitdir, təhlükə yoxdur. Hesab edirəm ki, o müayinələrin aparılmasına da ehtiyac yoxdur”.
Xatırladaq ki, 5-21 avqust tarixlərində Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunları keçirilib. Azərbaycan oyunlarda 56 idmançı ilə 17 idman növündə təmsil olunub.
XXXI Yay Olimpiya Oyunlarının keçilrildiyi Braziliyada əsas narahatlıq ağcaqanadlar vasitəsilə insana ötürülən "Zika" virusu ilə bağlı idi.
Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə oyunlardan əvvəl bildirmişdi ki, idmançıların Zika virusuna yoluxmadan qorunması üçün onlara bəzi tövsiyələr verilib: "Oraya gedənlərə tövsiyə edilib ki, uzunqol köynək geyinsinlər, qısa şalvar geyinməsinlər. Qadınlar, həm də kişilər şalvar, ayaqlarına corab geyinməlidirlər. Ağcaqanadların zəhərini çəkmək üçün idmançılarda xüsusi cihazlar da olacaq. Dünyada bu virusa vaksin tapılmayıb".