Bakı. Samir Əli - Trend:
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlövsət Abbasovun sədrliyi ilə Nardaran hadisələrinə görə həbs edilən “Müsəlman birliyi” adlanan təşkilatın sədri Taleh Bağırov, Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Trend-in məlumatına görə, prosesdə ifadə verən Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı İbrahim Kazımov bildrib ki, həmin gün səhər əməliyyat məlumatı əsasında müşavirə keçirilib. O qeyd edib ki, əməliyyat zamanı təqsirləndirilən şəxs Rasim Cəbrayılovu zərərsizləşdirib.
İ.Kazımov bildirib ki, əməliyyat zamanı R.Cəbrayılov əməliyyatçılara atəş açıb: "Sonra onu zərərsizləşdirdim. Üzərindən tapança aşkar etdim".
Sonra prosesdə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Kamil Məmmədov ifadə verib. O bildirib ki, o əməliyyat zamanı təqsirləndirilən şəxs Aqil İsmayılovu zərərsizləşdirib: "Onu zərərsizləşdirdim. Üzərində qumbara var idi. Qumbaranı götürdük. Təqsirləndirilən şəxslər əməliyyatçılara atəş açırdılar. Biz gözlədik, atəş kəsiləndən sonra içəri daxil olduq və onları zərərsizləşdirdik".
Proses davam edir.
Qeyd edək ki, T.Bağırov və təşkilatın digər üzvləri Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinin 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.12, 29,120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinin 29, 120. 2.1, 29,120.2.3, 29, 120.2.4, 29,120.2.7, 29, 120. 2. 12, 228.3-cü (qanunsuz olaraq odlu silah əldə etmə), 228.4-cü (qanunsuz olaraq silah gəzdirmə) və digər maddələri ilə ittiham olunur. Həmin şəxslər ötən il noyabrın 26-da hüquq-mühafizə orqanlarının əməkdaşlarının Bakının Nardaran qəsəbəsində keçirdikləri xüsusi əməliyyat zamanı saxlanılıblar.
F.Qəhrəmanlı isə ötən il dekabrın 8-də həbs edilib. O, Cinayət Məcəlləsinin 281 (dövlət əleyhinə açıq çağırışlar), 283-cü (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və 220.2-ci (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) maddələri ilə ittiham olunur.