Bakı. Trend:
Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) səfirliyinin nəzdində məktəbəqədər və azyaşlı azərbaycanlı uşaqlar üçün bazar günü məktəbi açılıb.
Səfirlikdən Trend-ə verilən məlumata görə, məktəb ev sahibi olan ölkədə xalqımızın milli dil, tarix, mədəniyyət və adət-ənənələrini qorumaq, eləcə də gənc nəslin vətənə məhəbbət ruhunda tərbiyələndirilməsi üçün Əbu-Dabi şəhərindəki Azərbaycan səfirliyinin təşəbbüsü ilə təşkil edilib.
Sentyabrın 23-də bazar günü məktəbinin açılış mərasimi keçirilib. Mərasimi açan Azərbaycanın BƏƏ-dəki səfiri Daşqın Şikarov bazar günü məktəbinin təşkili təşəbbüsünə dair əsl vətənpərvərlik nümunəsini nümayiş etdirdiklərinə görə, iştirakçılara təşəkkürünü bildirərək, ilk növbədə, qədim köklərə və zəngin söz ehtiyatına malik ana dilimiz haqqında məlumat bildirib.
Sonra səfir ümummilli lider Heydər Əliyevin rus dilinin dövlət dili olduğu Sovet hakimiyyəti dövründə mötəbər vəzifələrdə işləməsinə baxmayaraq, öz doğma dilini mükəmməl səviyyədə bildiyini, ətrafında olan azərbaycanlı həmkarlarına öz doğma dilini bilmələrini tövsiyə etdiyini və bunun da ulu öndərin vətənə sevgisindən irəli gəldiyini məktəblilərin diqqətinə çatdırıb, onların vətənlərindən uzaq düşmələrinə baxmayaraq, vətənpərvərlik ruhunda tərbiyə almalarının vacibliyini qabardıb.
Çıxışında, həmçinin D.Şikarov müstəqilliyini yenidən bərpa edən Azərbaycanın ümummilli liderin ana dilinin qorunması istiqamətində mühüm işlər gördüyünü xüsusilə qeyd edib, bu gün də bu uzaqgörən siyasətin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb və misal olaraq, dövlətimizin başçısının 2012-ci ildə imzaladığı "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələbinə uyğun istifadəsi və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında" Sərəncamını qeyd edib.