...

Ağacların kəsilməsinə görə cəzalar sərtləşdirilə bilər (YENİLƏNİB)

Cəmiyyət Materials 27 Oktyabr 2016 12:48 (UTC +04:00)
Azərbaycanda qanunsuz olaraq ağacların kəsilməsi, yaşıllıqların və meşə sahələrinin məhv edilməsinə görə cəzalar sərtləşdirilə bilər.
Ağacların kəsilməsinə görə cəzalar sərtləşdirilə bilər (YENİLƏNİB)

Bakı. Ənvər Məmmədli - Trend:

Azərbaycanda qanunsuz olaraq ağacların kəsilməsi, yaşıllıqların və meşə sahələrinin məhv edilməsinə görə cəzalar sərtləşdirilə bilər.

Trend-in məlumatına görə, məsələ Milli Məclisin Aqrar siyasət və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin bu gün keçirilən birgə iclasında müzakirə olunub.

Bununla bağlı Cinayət Məcəlləsi və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilməsi nəzərdə tutulur.

Cinayət Məcəlləsinin 259-cu maddəsinə (qanunsuz ağackəsmə) təklif edilən əlavə və dəyişikliyə əsasən maddənin tərkibində “qoruqlarda, milli və ya təbii parklarda ağacların və ya kolların” sözləri, “xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların və ya digər yaşıllıqların” sözləri ilə əvəzlənəcək. Maddənin sanksiyası ağırlaşdırılaraq belə verilir: 5000 manatdan 7 000 manata qədər cərimə və ya 2 ilədək islah işləri, yaxud 3 ilədək müəyyən vəzifə tutma, müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 2 ildən 5 ilə qədər həbs. Hazırda qüvvədə olan sanksiya isə belədir: iki min beş yüz manatdan üç min beş yüz manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Məcəllənin 260-cı maddəsində (Meşələri məhv etmə və ya korlama) sanksiya 500 manatdan 2000 manata qədər artırılır və 260.1-1 maddəsi əlavə edilir: Eyni hal külli miqdarda ziyan vurulmaqla törədildikdə 2 000 manatdan 4 000 manata qədər cərimə və ya 2 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.

Bundan irəli gələn hallar üzrə İnzibati Xətalar Məcəlləsinə də əlavə və dəyişikliklər müzakirə edilib. Məcəllənin 253-cü (Meşəqırma bileti (orderi) olmadan köküstə yaş ağacların və kolların qanunsuz kəsilməsi və zədələnməsi, meşə bitkilərinin və cavan ağacların məhv edilməsi və zədələnməsi) maddəsinə təklif olunan yeniliyə görə, fiziki şəxslər 3100 manat, vəzifəli şəxslər 7 000 manat, hüquqi şəxslər isə 45 000 manat miqdarda cərimələnəcəklər. Hazırda bu cərimənin maksimum həddi 10 000 manata qədərdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti