...

Bilik Fondu ilə Cənubi Koreya səfirliyi arasında əməkdaşlıq genişlənir (FOTO)

Cəmiyyət Materials 10 Yanvar 2017 17:36 (UTC +04:00)
Cənubi Koreyanın Azərbaycandakı səfiri Kim Çanq-gyu Azərbaycan Prezidenti yanında Bilik Fondunun qonağı olub.
Bilik Fondu ilə Cənubi Koreya səfirliyi arasında əməkdaşlıq genişlənir (FOTO)

Bakı. Trend:

Cənubi Koreyanın Azərbaycandakı səfiri Kim Çanq-gyu Azərbaycan Prezidenti yanında Bilik Fondunun qonağı olub.

Fondun informasiya təminatı sektorundan Trend-ə verilən məlumata görə, qurumun icraçı direktoru Oktay Səmədov və əməkdaşları ilə keçirilən görüşdə xalqların bir-biri ilə daha sıx əlaqələr yaratması istiqamətində həyata keçirilə biləcək layihələr ətrafında geniş fikir mübadiləsi aparılıb.

Bilik Fondunun fəaliyyəti barədə ətraflı məlumat verən icraçı direktor Fondun xüsusən beynəlxalq səviyyədə gördüyü işlərə diqqət çəkib.

O.Səmədov səfir Kim Çanq-gyunu Bilik Fondunun "Səfir saatı" klubuna üzv olmağa dəvət edib. Klub Azərbaycanda fəaliyyət göstərən səfirliklərin, diplomatik nümayəndəliklərin rəhbər şəxslərini yerli və xarici gənclərlə görüşdürəcək, ölkəmizi daha yaxından tanımaları üçün diplomatların bölgələrə səfərlərini gerçəkləşdirəcək.

O.Səmədov Azərbaycanla Cənubi Koreya arasında elmi, mədəni münasibətlərin genişlənməsinə xidmət edən maarifləndirici tədbirlərin mütəmadiliyini təmin etmək məqsədi ilə Niyyət Protokolunun imzalanmasına ehtiyac olduğunu bildirib.

Görüşdə Bilik Fondunun Aparat rəhbəri İsaxan Vəliyev işgüzar səfər çərçivəsində bir neçə dəfə Cənubi Koreyanın paytaxtı Seul şəhərində olduğunu xatırladaraq, bu ölkənin insanları ilə qurulan təmaslardan məmnunluq duyduğunu dilə gətirib.

Cənubi Koreyanın Azərbaycandakı səfiri Kim Çanq-gyu Bilik Fondunda olmaqdan zövq aldığını bildirərək, əməkdaşlığın perspektivlərindən söz açıb. Azərbaycanlılarla Cənubi Koreyalıların eyni dil qrupuna aid olduqlarını deyən səfir bu səbəbdən hər iki xalqın oxşar cəhətlərindən danışıb. Kim Çanq-gyu deyib ki, Azərbaycanda milli mənəvi dəyərlərin qorunması, inkişaf etdirilməsi xalqın mədəni təfəkkürünün formalaşmasına böyük təkandır və idarəetməyə tətbiq olunan bu yanaşmanın xaricdə nümunə kimi təqdimatı vacibdir.

Səfir Bilik Fondunun təkliflərini müsbət dəyərləndirdiyini və Fondla səfirlik arasında Niyyət Protokolu imzalanandan dərhal sonra əməkdaşlığa başlamağın zəruriliyini bildirib.

Səfirə Bilik Fondunun hədiyyəsi təqdim olunub və Kim Çanq-gyu Fondun xatirə kitabına ürək sözlərini yazıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti