Bakı. Trend:
Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA-nın) Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının qərarına uyğun olaraq, Assambleyanın Beynəlxalq Katibliyi tərəfindən hazırlanmış «Türkdilli ölkələrin parlamentlərinin daxili nizamnamələri» toplusu çap edilib.
Trend-in məlumatına görə, topluya Azərbaycan Milli Məclisinın, Qazaxıstan Parlamentinin və onun iki palatasının, Qırğızıstan Joqorku Keneşinin, Özbəkistan Senatının və Qanunvericilik Palatasının, Türkiyə Böyük Millət Məclisinin daxili nizamnamələrinin, eləcə də Türkmənistan Məclisi haqqında qanunun Azərbaycan dilində mətnləri daxil edilib.
Bir neçə il öncə çapdan çıxmış «Türkdilli ölkələrin konstitusiyaları» toplusu, eləcə də «Parlament terminləri sözlüyü» nəşri ilə birlikdə bu kitab türkdilli ölkələrin parlamentlərinin statusu, səlahiyyətləri, formalaşdırılması qaydası, daxili fəaliyyət prosedurları və digər məsələlər barəsində dolğun təsəvvür yaradır. Parlamentlərarası əməkdaşlığın inkişafına kömək göstərmək məqsədi ilə hazırlanmış yeni nəşr millət vəkilləri, dövlət qulluqçuları, qanunvericilik və beynəlxalq əlaqələr sahəsində araşdırmalar aparan alimlər, mütəxəssislər, həmçinin tələbələr üçün maraqlı olacaq. Kitab TİKA qurumunun maddi dəstəyi ilə hazırlanmış və çap edilib.