...

Avstriya Xalq Partiyası: Bakı Forumu vacib məsələlərin müzakirəsi üçün geniş imkanlar yaradır

Cəmiyyət Materials 5 May 2017 14:05 (UTC +04:00)
Bu gün dünyada belə forumların keçirilməsi çox əhəmiyyətlidir və bir çox vacib məsələlərin müzakirəsi üçün geniş imkanlar yaradır.
Avstriya Xalq Partiyası: Bakı Forumu vacib məsələlərin müzakirəsi üçün geniş imkanlar yaradır

Bakı. Elçin Mehdiyev – Trend:

Bu gün dünyada belə forumların keçirilməsi çox əhəmiyyətlidir və bir çox vacib məsələlərin müzakirəsi üçün geniş imkanlar yaradır.

Bunu Trend-ə Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edən Avstriya Xalq Partiyasının Şəhər Şurasının üzvü Tomas Rajakoviçs deyib.

O qeyd edib ki, Forumda dünyanın çoxlu sayda ölkəsindən, beynəlxalq təşkilatlardan nümayəndələr, nüfuzlu ictimai-siyasi xadimlər iştirak edirlər, geniş fikir və təcrübə mübadiləsi aparırlar:

“Mədəniyyətlərarası dialoq olan yerdə həmişə sülh, əmin-amanlıq olur. Bu baxımdan Bakıda keçirilən bu Forumu yüksək qiymətləndirirəm və belə bir imkan yaratdığına görə Azərbaycana təşəkkür edirəm”.

Azərbaycanda ilk dəfə olduğunu deyən qonaq Bakını çox bəyəndiyini də bildirib:

“Birinci dəfədir Azərbaycana gəlirəm. Bakını belə təsəvvür etmirdim, çox gözəl şəhərdir”.

Qeyd edək ki, Bakıda “Mədəniyyətlərarası dialoqun inkişafı: İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar” mövzusunda 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilir. Mayın 6-dək davam edəcək Forum çərçivəsində keçirilən sessiyalar insan təhlükəsizliyi, davamlı inkişaf, miqrasiya, mədəniyyətlər və dinlərarası dialoq, ekstremizmə qarşı mübarizə, qaçqın və miqrantlara münasibət, gənclərin və təhsilin mədəniyyətlərarası dialoqda rolu, ərzaq təhlükəsizliyi kimi mövzuları əhatə edir. Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda Bolqarıstanın vitse-prezidenti, YUNESKO, İSESKO, İslam Əməkdaşlıq Təşkilatı, QDİƏT, İRSİKA, Ərəb Maqreb Birliyi, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası və TÜRKSOY-un baş katibləri, Malinin Prezidenti və birinci xanımı, Efiopiya və Ruandanın birinci xanımları, Türkiyə, Rusiya, Gürcüstan, Qətər, Makedoniya, Misir, Efiopiya, İraq, Cənubi Sudan, Sudan, Mavritaniya, Monteneqro, Seyşel Adaları, Tacikistan və Keniyanın mədəniyyət nazirləri iştirak edirlər.

Forum artıq 4-cü dəfədir Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülmüş “Bakı prosesi” təşəbbüsü çərçivəsində təşkil olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti