...

Ədliyyə Nazirliyi: İşə qəbul imtahanlarında zəif nəticə göstərənlər yeni qanunvericiliyə az diqqət yetirənlərdir

Cəmiyyət Materials 10 İyun 2017 12:09 (UTC +04:00)
2006-cı ildən bu günə kimi ədliyyə orqanlarında işləmək üçün 5000-dən çox namizəd müsabiqələrdə iştirak edib.
Ədliyyə Nazirliyi: İşə qəbul imtahanlarında zəif nəticə göstərənlər yeni qanunvericiliyə az diqqət yetirənlərdir

Bakı. İlhamə İsabalayeva – Trend:

2006-cı ildən bu günə kimi ədliyyə orqanlarında işləmək üçün 5000-dən çox namizəd müsabiqələrdə iştirak edib. Onların 1000-ə yaxını imtahan nəticəsində işə qəbul olunaraq ədliyyə orqanlarında fəaliyyət göstərir.

Trend-in məlumatına görə, bunu Ədliyyə Nazirliyinin Kadrlar İdarəsinin rəisi, Müsabiqə Komissiyasının sədri Rauf Məhərrəmov jurnalistlərə deyib.

Onun sözlərinə görə, bu günədək Azərbaycanda ədliyyə orqanlarına işə qəbul üçün 14 müsabiqə keçirilib: “Bu gün təxminən 150 vakant yer müsabiqəyə çıxarılıb. Həmin vakant yerlər əsasən nazirliyin yerli xidmətlərində, həmçinin icra, qeydiyyat şöbələrində və digər ədliyyə orqanlarındadır".

R.Məhərrəmov qeyd edib ki, namizədlərin müsabiqələrdə iştirakı prosesi hər il sadələşdirilir:

“Bugünkü imtahan onlayn rejimdə birbaşa internet vasitəsilə yayımlanır. İmtahanda 529 namizəd iştirak edir. Namizədlər ölkənin bütün regionlarını təmsil edirlər. Namizədlərin təxminən 1/3-i qızlar, yarısı ilk dəfə əmək fəaliyyətinə başlayan şəxslərdir”.

R.Məhərrəmov qeyd edib ki, bu gün ədliyyə orqanlarında işə qəbul üçün keçirilən imtahanda təxminən 250 nəfər şəxs müsabiqələrdə təkrar iştirak edənlərdir. Onlar həm test imtahanı, həm də müsahibədə kifayət qədər bilik nümayiş etdirməyən şəxslərdir.

Namizədlərin daha çox hansı sahələr üzrə zəif bilik nümayiş etdirməsinə gəldikdə, R.Məhərrəmov qeyd edib ki, zəif nəticə göstərənlər əsasən, yeni qanunvericiliyə az diqqət yetirənlərdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti