Bakı. Samir Əli - Trend:
Qəbələ rayonu ərazisində davam edən meşə yanğını lokallaşdırılıb.
Bu barədə Trend-ə açıqlamasında Qəbələ rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Abil Ağasəfov deyib.
Qurum rəsmisi bildirib ki, sentyabrın 4-ü axşam saatlarında yanğının qarşısı alınıb: "Yanğın tam lokallaşdırılıb. Bu gün səhər saatlarından meşədə olan tüstülənmə sahələri tam nəzarətə götürülüb. Hazırda həmin ərazilər nəzarətdədir. Yanğının yenidən başlanması təhlükəsi yoxdur".
A.Ağasəfov deyib ki, meşə sahəsindəki yanğının yaşayış məntəqələrinə keçmək təhlükəsi də yoxdur, yanğın demək olar ki, söndürülüb.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Oqtay Bayramov isə Trend-ə bildirib ki, Oğuz rayonu ərazisindəki meşə yanğını tam söndürülsə də, Qəbələ rayonu ərazisindəki yanğının tam söndürülməsi barədə məlumat yoxdur, ərazidə tüstülənmələr var, buna nəzarət olunur.