Bakı. Trend:
Azərbaycan xalqının idman sahəsində əldə etdiyi nailiyyətlər fantastikdir.
Trend-in məlumatına görə, bunu Avropa Olimpiya Komitələrinin (AOK) icraçı prezidenti Janez Koçijançiç Azərbaycan Milli Olimpiya Komitəsinin yaranmasının 25 illik yubileyi münasibətilə keçirilən təntənəli mərasimdə çıxışı zamanı deyib.
J.Koçijançiç qeyd edib ki, 25 illik tarixə nəzər salsaq görərik ki, Azərbaycan xalqının idman sahəsində əldə etdiyi nailiyyətlər fantastikdir: Siz Avropa Oyunlarında böyük sayda medallar qazandınız. İslam Həmrəyliyi Oyunlarında isə qazandığınız medalların sayı ondan da çox oldu. Cənab Prezident burada qeyd etdi ki, Olimpiya Oyunlarında 18 medal qazanılıb. Bu, bir daha onu göstərir ki, Siz qarşınıza qoyduğunuz ümumi məqsədə nail olmusunuz. Məhz bunu idmanı milli səviyyədə inkişaf etdirməklə, cəmiyyət daxilində idmanın daha da kütləviləşdirilməsi üçün çalışaraq Siz bir növ yeni bir səhifəni açmısınız. Sizi bu münasibətlə səmimi qəlbdən təbrik edirəm, 25 iliniz mübarək olsun! Siz çox gözəl iş aparmısınız”.
AOK-un icraçı prezidenti ikinci məqam kimi Bakıda birinci Avropa Oyunlarını keçirildiyini vurğulayıb: “Əslində, Sizin Avropa idman hərəkatına, Avropada Olimpiya Hərəkatına nə qədər böyük töhfə verdiyinizi yaxşı anlayırıq, biz bunu görürük. Biz növbəti Oyunları Minsk şəhərində keçirəcəyik. Lakin Azərbaycan bu ilkə imza atdı və birinci Oyunları keçirdi, ev sahibi oldu. Bu, ümumiyyətlə, Olimpiya Oyunlarının gələcəyinə verdiyiniz töhfə oldu. Çox sağ olun. Bu, yüksək dəyərləndirilən bir nailiyyət idi.
Üçüncü məqam. Mən bunu iftixar hissi ilə burada bildirirəm. Mən burada bu Mərkəzdə çıxış edirəm. Bu Mərkəz Azərbaycanın qurucusu ulu öndər Heydər Əliyevin, Sizin atanızın adını daşıyır. O, Azərbaycanın keçmişinin və indiki dövrünün təcəssümüdür. Təbii ki, xalqınız üçün bir çox nailiyyətlər həmin dövrdə əldə edilmişdir. Məsələn, bizim ölkədə bu cür tədbirlər əslində qısa olur, bir neçə gün çəkir. Lakin bu cür tədbirlərin keçirilməsi, müxtəlif beynəlxalq yarışların təşkil olunması sizdə silsilə halı alıb. Biz bilirik ki, yaxın vaxtlarda Siz, həmçinin gənclər arasında idman festivalı keçirəcəksiniz, digər tədbirlərə ev sahibliyi edəcəksiniz. Biz böyük məmnuniyyətlə yenidən Azərbaycana gələcəyik. Sizi bir daha təbrik edirik. Azərbaycan xalqı öz idman nailiyyətlərindən fərəhlənə bilər”.