Bakı. Samir Əli - Trend:
Xarici havadarlarından pul almağa cəhd edərkən yaxalanan qeyri-hökumət təşkilatları nümayəndələri ilə bağlı cinayət işinin istintaqı davam edir. Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Baş prokuror Zakir Qaralov deyib.
Baş prokuror bildirib: "Qarşıda məhkəmə prosesləri var. Ona görə bunu şərh etmək istəməzdim. Dəfələrlə bəyan etmişəm ki, özlərini müxalifət adlandıran qeyri-hökumət təşkilatları, müxtəlif qəzetlər Azərbaycan qanunlarına hörmət etməlidirlər. Öz fəaliyyətlərində istər vergi, istərsə də gömrük qanunvericiliyinin tələblərini pozmalı deyillər. Müxalifət, qeyri-hökumət təşkilatları öz xarici havadarlarından ölkə daxilində pul ala bilmədiklərindən həmin pulu digər ölkələrdə əldə edərək Azərbaycana gətirmək istəyirlər. Biz də bunun qarşısını alırıq".