Bakı. Trend:
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) 70,6 min nəfər üçün peşə hazırlığı və əlavə təhsil kursları, peşəyönümü tədbirləri təşkil edib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, cari ilin yanvar-sentyabr aylarında ƏƏSMN tərəfindən 70,6 min nəfər şəxs peşə hazırlığı və əlavə təhsil kurslarına, peşəyönümü tədbirlərinə cəlb edilib.
İşçi qüvvəsinin əmək bazarında rəqabət qabiliyyətli peşələrə yiyələnmələri üçün ƏƏSMN yanında Dövlət Məşğulluq Xidməti tərəfindən hesabat dövründə 2 698 nəfər şəxs üçün peşə hazırlığı və əlavə təhsil kursları təşkil olunub. Kurslarda inşaat rəngsazı, əməliyyatçı mühasib, dülgər-xarrat, elektrik-qaz qaynaqçısı, kompyuter istifadəçisi, avtomobil təmiri üzrə çilingər, qənnadçı, dərzi, arıçı, xalçaçı, mebel quraşdırıcısı və s. peşələr öyrədilib. Bir çox peşələrin tədrisi modul tədris proqramları əsasında həyata keçirilib ki, bu da onların daha asan və optimal şəkildə öyrədilməsinə imkan verib.
ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzinə isə yanvar-sentyabr aylarında 215 nəfər gənc peşə hazırlığı kurslarına qəbul olunub. Peşə təlimində olduqları müddətdə həmin gənclərin dövlət hesabına yataqxana, yemək, tibbi-fizioterapevtik xidmət və s. ilə təminatı, eləcə də cəmiyyətə fəal inteqrasiya olunmalarının dəstəklənməsi üçün müxtəlif formalarda tədbirlər həyata keçirilib.
Cari ilin 9 ayında gənclərin əmək bazarının tələblərinə uyğun peşə və ixtisaslara istiqamətləndirilməsi məqsədilə peşəyönümü tədbirləri də davam etdirilib. Böyük əksəriyyəti yuxarı sinif şagirdlərindən ibarət 67 706 nəfər gəncin iştirakı ilə keçən tədbirlərdə onlara əmək bazarı, işəgötürənlərin peşə və ixtisaslara olan tələbləri, aktiv məşğulluq tədbirləri və s. barədə məlumatlar, peşəyönümü məsləhətləri verilib.