Bakı. Trend:
"Azərkosmos" ASC-nin nümayəndələri Bakı Ali Neft Məktəbinin (BANM) tələbələrinə “CANSAT Azerbaijan 2018” adlı təqdimat edib.
BANM-in İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, təqdimat "Azərkosmos"un Korporativ kommunikasiya şöbəsinin mütəxəssisi Fidan Behbudova və Peyk mühəndisi Rüstəm Zeynalov tərəfindən edilib.
Azərbaycan Respublikası Təhsil Nazirliyi və "Azərkosmos" ASC-nin birgə təşkilatçılığı ilə baş tutacaq “CANSAT Azerbaijan 2018” - yaradıcı fikirlərə əsaslanan model peyk müsabiqəsidir. NASA, Amerika Astronomiya Cəmiyyəti (AAS), Amerika Aviasiya və Kosmik Elmlər İnstitutu (AIAA), həmçinin kosmik sektorda aparıcı qurumların dəstəyilə 1998-ci ildən etibarən hər il ABŞ-da keçirilən bu müsabiqə kosmik texnologiyalar sahəsində universitet tələbələrinin motivasiya və inkişafına yönəldilmiş layihədir.
Qonaqlar tədbir zamanı BANM-ın tələbələrinə müsabiqənin şərtləri, qeydiyyatı, bu sahədə mümkün olacaq müzakirələr və təlimlərin keçirilməsi, hesabatların hazırlanması, tələbələr tərəfindən hazırlanmış olacaq modelin səmaya buraxılması, qiymətləndirmə meyarı və nəhayət mükafatlandırma haqqında geniş məlumat verib. Müsabiqənin 7 mərhələdən ibarət olduğunu bildirən nümayəndələr həmin mərhələlər və təqvimlə tələbələri tanış ediblər. Sonda tələbələr "Azərkosmos"un nümayəndələrinə müsabiqədə iştirakla bağlı suallarla müraciət ediblər.
Qeyd edək ki, 2018-ci ildən Azərbaycanda da bu layihənin keçirilməsində məqsəd ölkəmizdə tələbə peyki layihələrinə marağın artırılması, Azərbaycanın beynəlxalq analoji müsabiqələrdə daha çox və təcrübəli komandalarla təmsil olunması və gələcəkdə nano və digər real peyklərin məhz yerli mütəxəssislər tərəfindən ölkəmizdə hazırlanması üçün bacarıq, vərdişlərin əldə edilməsidir.