...

MİDA: Yasamal Yaşayış Kompleksinin 2019-cu ildə təhvil verilməsi nəzərdə tutulur (FOTO)

Cəmiyyət Materials 19 Yanvar 2018 16:48 (UTC +04:00)
Azərbaycan Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyində 2017-ci il ərzində fəaliyyətinin nəticələrinə həsr olunan hesabat iclası keçirilib.
MİDA: Yasamal Yaşayış Kompleksinin 2019-cu ildə təhvil verilməsi nəzərdə tutulur (FOTO)

Bakı. Trend:

Azərbaycan Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyində (MİDA) 2017-ci ilin yekunlarına həsr olunan hesabat iclası keçirilib.

Agentlikdən Trend-ə verilən məlumata görə, iclası giriş nitqi ilə açan qurumun direktoru Samir Nuriyev təşkilatın 2017-ci il ərzində fəaliyyətinin əsas nəticələri barədə ətraflı məlumat verib.

Agentliyin direktoru bildirib ki, ölkə başçısının müvafiq fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi” qurumun 2017-ci ildə əhalinin güzəştli şərtlərlə mənzillərlə təmin olunması istiqamətində fəaliyyətinin təşkilində rəhbər tutduğu əsas sənədlərdən biridir.

Bununla yanaşı, 2017-ci il Agentlik tərəfindən çoxmənzilli binaların tikintisinə və digər yeni layihələrin icrasına başlanılması üzrə əhəmiyyətli hadisələrlə yadda qalıb. Belə ki, Agentliyin ilk layihəsi – 1843 mənzildən ibarət olacaq Yasamal Yaşayış Kompleksinin tikintisi işləri başlanmış və hazırda sürətlə davam etdirilməkdədir. Kompleksin ilk mənzillərinin bu ilin yay aylarında gələcək sakinlərinə təqdim olunması planlaşdırılır. 2019-cu ildə isə kompleksin tam təhvil verilməsi nəzərdə tutulur.

Yasamal Yaşayış Kompleksi layihəsinin reallaşdırılması çərçivəsində yaşayış evlərinin tikintisi, telekommunikasiya infrastrukturunun yaradılması və ticarət mərkəzinin layihələndirilməsi, tikintisi və idarəolunması üzrə keçirilmiş 3 investisiya müsabiqəsinin nəticələrinə əsasən 18 milyon manata yaxın özəl sərmayə cəlb olunub.

Agentliyin növbəti Hövsan Yaşayış Kompleksi layihəsinin də reallaşdırılmasına 2017-ci ildə start verilib. Bakı şəhərinin Suraxanı rayonunda 20 hektarlıq ərazidə inşa olunacaq və 3002 ailəni yeni mənzil ilə təmin edə biləcək Hövsan Yaşayış Kompleksinin ərazisində xəstəxana, məktəb, uşaq bağçaları, ticarət mərkəzi və digər sosial-məişət obyektlərinin tikilərək istifadəyə verilməsi nəzərdə tutulur.

Agentliyin mənzil təminatı üzrə layihələrinin reallaşdrılması zamanı gələcək sakinlərin rahatlığını təmin etmək üçün müvafiq standartlara cavab verən nəqliyyat infrastrukturunun yaradılmasına da xüsusi diqqət yetirilir. Hesabat dövrü ərzində Bakı Nəqliyyat Agentliyi ilə qurulmuş səmərəli əməkdaşlıq nəticəsində Yasamal Yaşayış Kompleksi ərazisində piyadaların, ictimai və fərdi nəqliyyatın hərəkətinin təşkili layihəsinin hazırlanması təmin olunmuş və icrasına başlanılmışdır. Bakı Nəqliyyat Agentliyi ilə bu istiqamətdə əməkdaşlığın gələcəkdə də davam etdirilməsi planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti