...

Novruz gəldi, artıq tonqala yıxılan da var - Bayramı təhlükəsiz necə keçirək?

Cəmiyyət Materials 1 Mart 2018 21:10 (UTC +04:00)
Novruz bayramının adətlərindən biri də tonqal qalamaqdır.
Novruz gəldi, artıq tonqala yıxılan da var - Bayramı təhlükəsiz necə keçirək?

Bakı. Samir Əli - Trend:

Novruz bayramının adətlərindən biri də tonqal qalamaqdır. Lakin təəssüf ki, bəzən bayram tonqalları təhlükəsiz ötüşmür.

Ötən çərşənbə axşamı Tovuzun Əsrik kəndində Novruz tonqalından tullanarkən 15 yaşlı Abbasov Oruc Teymuraz oğlu yıxılaraq xəsarət alıb. O, müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Bu cür xoşagəlməz hadisələr əksər hallarda tonqal qalayarkən də təhlükəsizlik tədbirlərinə riayət olunmaması səbəbindən baş verir.

Təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev də Trend-ə açıqlamasında bildirib ki, ilk növbədə azyaşlıları yanan tonqal ətrafında nəzarətsiz qoymaq olmaz: "Tonqalın üstündən tullanarkən uşaqlara xüsusi nəzarət etmək və bir- birini gözləmək lazımdır. Əks halda istər böyüklər, istərsə də azyaşlılar bədbəxt hadisələrlə üzləşə bilərlər. Tonqalın ətrafında, insanların çox olduğu yerdə uşaqların da olmasını nəzərə alaraq partlayıcılardan, fişənglərdən, pirotexniki vasitələrdən istifadə etmək olmaz".

E.Nurəliyev deyir ki, təhlükəsizlik tədbirləri bununla bitmir: "Bu prosesdə tonqalı yandıracaq yeri düzgün seçmək lazımdır. Elə bir ərazi olmalıdır ki, həmin ərazi tezalışan materiallar, maşın, elektrik şitləri və evlərə çox yaxın yerləşməsin. Daha sonra tonqalın hündürlüyünə diqqət etmək lazımdır. Tonqalın hündürlüyü 1.5 metrdən hündür olmamalı, asfalt və ya beton örtüyünün üstünə dəmir qoruyucu qoyulmaqla yandırılmalıdır. Bu, həm zəif küləkli havada belə közün ətrafa yayılmasının, həm də asfalt örtüyünün korlanmasının qarşısını alar".

Təhlükəsizlik üzrə ekspert yandırılacaq oduna da diqqət etməyin vacibliyini xüsusi qeyd edir: "Üzərində boya, əhəng olan, parlaq laklı taxta parçaları, plastmas və kauçukdan olan bəzək əşyaları, rezin, sellofan, maşın şini yandırarkən ondan ayrılan tüstü toksiki xarakter daşıyır və zəhərlənməyə səbəb ola bilir".

Ekspert bildirir ki, tonqalı tam söndürmədən nəzarətsiz qoymaq da təhlükəlidir: "Odun tam söndüyünə əmin olmaq lazımdır. Əks halda külək odu ətrafa yayar və yanğın təhlükəsi yaradar".

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi də hər il Novruz bayramı ilə əlaqədar əhaliyə xəbərdarlıq edir və təhlükəsizliyə əməl etməyə çağırır. Xəbərdarlıqda bayram tonqalının ətrafına yığışan azyaşlıların mütləq böyüklərin nəzarətində olmaları tovsiyə olunur, tonqalı elektrik naqili, ağac, avtomobil, ev və digər yanar materiallardan kənarda yandırmağın, tonqalı tam sönənədək nəzarətdə saxlamağın vacibliyi vurğulanır.

Məlumatda qeyd olunur ki, tonqal üzərindən atılarkən ehtiyatsızlıq geyimin alışmasına, insanın xəsarət almasına səbəb ola bilər. Həmçinin evlərdə yandırılan şamlar nəzarətsiz qalmamalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti