Bakı. İlhamə İsabalayeva - Trend:
"Son vaxtlar bəzi sosial şəbəkələrdə Azərbaycan arxeoloqlarının Qarabağda apardığı tədqiqatlarla bağlı həqiqətdən uzaq bəzi fikirlər səslənir. İşğal altındakı abidələrimizdə düşmən tərəfinin apardığı “qazıntlar” haqqında jurnalist təxəyyülünün məhsulu olan yarım səhifəlik yazı və bir neçə şəkildən qaynaqlanan bu fikirlərdə alimlərimizin zəhmətinə kölgə salınır, ictimaiyyətə yalnış məlumatlar çatdırılır".
Trend-in məlumatına görə, bu məlumatı AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu mətbuat xidməti yayıb.
Məlumatda bildirilir ki, əslində belə məsuliyyətsiz, qərəzli yazıların arxeologiya elmindən xəbərsiz müəllifləri ermənilərin işğal etdikləri Azərbaycan torpaqlarında apardıqları qeyri-qanuni arxeoloji qazıntıları təbliğ etməklə məşğuldurlar:
"Düşmən tərəfinin ortaya atdığı yalanlar kifayət qədər elmi biliyi və ya məlumatı olmayan şəxslərdə yalnış fikir formalaşdırır. Məsələn, bədxahlar xəbər yayır ki, Şuşa ətrafında tunc dövrünə aid kurqanlar aşkar olunub. Halbuki hələ 130 il əvvəl Emil Reslerin hesabatlarında həmin kurqanlardan bəhs olunmuş, Sovet dövründə alimlərimiz onlar haqqında əsərlər yazmışlar. Yaxud “Qarabağda daş heykəllər tapıldı” kimi başqa bir xəbər yayılır. Amma çoxları bilmir ki, ötən əsrin 80-ci illərində həmin heykəllər haqqında tarix üzrə elmlər namizədi Mübariz Xəlilov dissertasiya işi yazıb, hətta İrəvanda həmin işin avtoreferatı çap olunmuşdu. Lakin erməni alimləri ona dissertasiya işinin müdafiəsinə imkan verməyib, ona mane olduqlarına görə müəllif elmi işini sonradan Moskvada müdafiə etməyə məcbur olmuşdur.
Düşmən işğalçı əməllərini ört-basdır etmək üçün belə fikir formalaşdırır ki, guya Qarabağda heç bir abidə (hətta Azıx, Tağlar, Qaraköpəktəpə, Govurqala məskənləri, Xocalı kurqanları) tədqiq edilməyib, qeydə alnmayıb. Bununla da Qarabağ abidələrini yeni müstəvidə elmi ictimaiyyətə təqdim etməyə cəhd edirlər. Onların bu niyyətini anlamaq çox da çətin deyil".
Məlumatda daha sonra bunlar qeyd edilir: "Sovet dönəmində Qarabağ bölgəsində bir neçə arxeoloji ekspedisiya fəaliyyət göstərmişdir. XX əsrin 60-80-ci illərində Füzuli rayonu ərazisindəki Paleolit dövrünə aid Azıx mağara düşərgəsində Məmmədəli Hüseynovun rəhbərliyi ilə aparılan ardıcıl tədqiqatlar Azərbaycan ərazisində ibtidai insanların hələ iki milyon il bundan əvvəl məskunlaşdığını sübut etmişdir".
İnstitutun məlumatında bildirilir ki, Qarabağ bölgəsində arxeoloji araşdırmalar son 10 ildə daha da canlanıb:
"Arxeologiya və Etnoqrafiya İnstitutunun təşkil etdiyi xüsusi dəstə 2013-2017-ci illərdə Qarabağın dağlıq hissəsində – Xocavənd rayonu ərazisində yerləşən çoxtəbəqəli Nərgiztəpə yaşayış yerində tədqiqatlar aparmışdır. Araşdırmalar göstərir ki, bu abidə qədim Azərbaycan dövləti olan Albaniyanın həm Antik, həm də Erkən Orta əsrlər tarixinin öyrənilməsində mühüm əhəmiyyət kəsb edir. Strateji əhəmiyyətli ərazidə aparılan ilkin tədqiqatların nəticələri bu yaxınlarda nəşr olunmuş “Qarabağda Nərgiztəpə arxeoloji abidələr kompleksi” adlı əsərdə (Bakı: Mütərcim, 2017) və 10-a yaxın məqalədə öz əksini tapmışdır. Mil-Qarabağ ekspedisiyasının Qalatəpə dəstəsi 2008-ci ildən Ağcabədi rayonu ərazisində, Qarqarçayın sağ sahilində yerləşən Qalatəpə şəhər məskənini tədqiq edir. Bu abidə Azərbaycanın qədim dövlətlərindən olan Albaniyanın Uti vilayətində mövcud olmuş mühüm bir şəhər yerinin qalığı kimi böyük əhəmiyyətə malikdir. Araşdırmalar abidənin əsasən iki təbəqədən (Antik və Orta əsrlər) ibarət olduğunu göstərir. Antik təbəqədə hündürlüyü 6 metrə çatan və çiy kərpicdən tikilən mükəmməl istehkam qurğularının, ictimai binaların qalıqları açılmış, antik dövr memarlığı üçün səciyyəvi daş sütun altlığı aşkarlanmışdır. Şəhər yerinin yaxınlığındakı antik nekropolda 14 küp və 3 torpaq qəbir açılıb öyrənilmişdir.
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Bərdə arxeoloji ekspedisiyası son illər Bərdə şəhərinin 5 kilometrliyində yerləşən Şortəpə və Balatəpə adlı abidələrdə tədqiqat aparır. Şortəpə yaşayış məskəni əsasən Antik və İlk Orta əsrlər dövrünü, Balatəpə abidəsi isə Erkən Tunc dövründən Antik dövrə qədərki böyük bir tarixi mərhələni əhatə edir. Balatəpədə möhrə divarın bir hissəsi açılmış, metal qalıqları, dən daşları, gildən zoomorf fiqurlar, buğda qalıqları və s. əldə edilmişdir".