...

Ramin Quluzadə: 2018-ci ilin sonlarından Bakı Limanı vasitəsilə yüklərin yerini və çatma vaxtını onlayn izləmək mümkün olacaq

Cəmiyyət Materials 9 May 2018 12:18 (UTC +04:00)
2018-ci ilin sonlarından Bakı Limanı vasitəsilə yüklərin yerini və çatma vaxtını onlayn izləmək mümkün olacaq.
Ramin Quluzadə: 2018-ci ilin sonlarından Bakı Limanı vasitəsilə yüklərin yerini və çatma vaxtını onlayn izləmək mümkün olacaq

Bakı. Maksim Tsurkov - Trend:

2018-ci ilin sonlarından Bakı Limanı vasitəsilə yüklərin yerini və çatma vaxtını onlayn izləmək mümkün olacaq.

Trend-in məlumatına görə, Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Bakıda keçirilən Dünya Limanları Konfransında çıxışı zamanı deyib.

R.Quluzadə bildirib ki, Azərbaycan bir çox beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edib. Sidney, Los-Anceles, Hamburq, Panama, Bali və s. kimi böyük liman şəhərlərinin ev sahibliyi etdiyi bu konfrasın 2018-ci ildə məhz Bakı şəhərində keçirilməsi ölkəmiz üçün mötəbər hadisədir: "Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə tarixi İpək Yolunun bərpası Azərbaycanın tranzit potensialının artırılmasına zəmin yaradıb. Bildiyiniz kimi, nəqliyyat və logistika dünyada ən dinamik inkişaf edən sahələrdən biridir. Ölkəmizdə də bu sahə prioritetdir və daim möhtərəm cənab Prezident İlham Əliyev tərəfindən diqqət mərkəzində saxlanılır".

Nazir qeyd edib ki, bu gün Azərbaycan bir sıra irimiqyaslı beynəlxalq nəqliyyat layihələrinin həm təşəbbüskarı, həm də iştirakçısıdır: "Ölkə rəhbərliyinin apardığı məqsədyönlü siyasət nəticəsində ölkəmiz regionun əsas nəqliyyat qovşağına çevrilib. Bu işlər Azərbaycanın tranzit ölkə kimi əhəmiyyətinin artrmasında mühüm rol oynayır".

R.Quluzadə vurğulayıb ki, Azərbaycanda innovativ texnologiyalara əsaslanan dayanıqlı nəqliyyat sistemi formalaşdırılır. Mövcud nəqliyyat kompleksinin rəqabət qabiliyyətinin artırılması məqsədilə bu sahədə zəruri islahatlar aparılır, idarəetmə təkmilləşdirilir: "Ölkə ərazisində yüklərin qəbul edilməsində və daşınmasında yük həcmlərinin artırılması məqsədilə cənab Prezidentin sərəncamına əsasən Ələt qəsəbəsində Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı tikilib. İqtisadiyyatın, xüsusilə qeyri-neft sektorunun inkişafında xüsusi rolu olan müasir nəqliyyat infrastrukturunun yaradılması beynəlxalq nəqliyyat dəhlizlərinin imkanlarının genişləndirilməsi üçün respublikamızda bir sıra işlər görülüb. Bütün bunlar isə Azərbaycana və tərəfdaşlarına böyük iqtisadi dividendlər gətirir, regionun strateji əhəmiyyətini artırır".

O əlavə edib ki, yerləşdiyi ərazinin böyük üstünlüklərə malik olması sayəsində yeni liman Azərbaycanda nəqliyyatın təhlükəsizliyi məsələlərini uğurla həll etməyə, Bakını Xəzər hövzəsində çox müasir və böyük nəqliyyat-logistika mərkəzinə çevrilməsinə imkan yaradır. Həmçinin yeni liman Xəzəryanı ölkələr arasındakı əməkdaşlığı genişləndirməyə, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin tam gücü ilə işləməsinə əlverişli şərait yaradır:

"Yeni Bakı Limanının artıq 1-ci fazasının tamamlanması ölkə iqtisadiyyatına yeni investisiyalar qoyulmasına və Azərbaycanın tranzit ölkə kimi öz imkanlarını daha da genişləndirməsinə səbəb olacaq. Artıq 2018-ci ilin sonlarından etibarən yükdaşıyıcılar yeni Bakı Limanının müasir informasiya kommunikasiya sistemləri vasitəsilə onlayn rejimdə yüklərin yerini və limanlara çatma vaxtını müşahidə edə biləcəklər".

R.Quluzadə bildirib ki, Bakı Limanı Yaşıl Liman və logistika mərkəzi kimi inkişaf etdirilir. Burada Avropa İttifaqının ekoloji, iqtisadi və sosial təminatlarla bağlı yeni strategiyasına uyğun olaraq ən son texnologiya və ekoloji standartlar tətbiq edilir. Bu məqsədlə yeni Bakı Limanında Xəzər hövzəsində neftlə və məişət tullantıları ilə çirklənmiş suları təmizləyən qurğular quraşdırılıb:

"Eyni zamanda Azərbaycan Prezidenti 17 mart 2016-cı ildə “Bakı şəhəri Qaradağ rayonunun Ələt qəsəbəsində azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın yaradılması ilə bağlı” nin sərəncam imzalayıb. Ələt Azad İqtisadi Zonası Azərbaycanı regionun nəqliyyat və logistika mərkəzinə ("hub") çevrilməsinə xidmət edir. Bu zona yeni Bakı Limanının Avropa, Yaxın Şərq, Orta Asiya, Türkiyə, Çin, Rusiya, İran kimi dövlətlər üçün rolunu artırır".

Nazir qeyd edib ki, regional nəqliyyat qovşağı kimi yeni limanın əhəmiyyətini daha da artıracaq digər layihə Bakı-Tbilisi-Qars dəmir yolu xəttidir. Bakı-Tbilisi-Qars dəmir yolu xətti və Yeni Liman Kompleksi gələcəkdə yüklərin Çin və Mərkəzi Asiyadan Avropaya və əks istiqamətdə daşınması üçün əlverişli şərait yaradacaq:

"Artıq Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə blok konteyner qatarlarının hərəkəti təşkil olunub. Bu marşruta yük axınlarının cəlb edilməsi məqsədilə daşımalara və tranzit keçid haqlarına əlavə güzəştlər tətbiq edilib. Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi üzrə dəmir yolu daşımalarının təmin edilməsi istiqamətində də işlər davam etdirilir. Dəhliz üzrə Azərbaycan və İranın dəmir yolu xətlərinin birləşdirilməsi üçün çatışmayan seqmentlərin tikintisi barədə müvafiq sazişlər imzalanıb. Bu işlərin tamamlanmasından sonra qatarların Hind okeanı hövzəsindən birbaşa Şimali Avropa, eləcə də Bakı-Tbilisi-Qars dəmir yolu xətti vasitəsilə Türkiyə ərazisindən keçməklə Şərqi və Mərkəzi Avropa, eləcə də yeni liman üzərindən bərə keçidi vasitəsilə Mərkəzi Asiya istiqamətlərində hərəkəti mümkün olacaq".

R.Quluzadə vurğulayıb ki, bu layihələr İpək Yolunun canlanmasını, regionda daha effektiv nəqliyyat əlaqələrinin yaradılmasını təmin edəcək, Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi üzrə tranzit yük daşımalarının artırılmasına şərait yaradacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti