Bakı. İlhamə İsabalayeva -Trend:
Azərbaycan Turizm Assosiasiyası (AzTA) AZAL-ın kurort şəhəri olan Alanyaya uçuşların dayandırılması barədə yayılan məlyumatlara aydınlıq gətirib.
AzTA-dan Trend-ə verilən məlumata görə, keçən ilin mart ayında iyunun 7-dən “Buta Airways” şirkətinin Alanyaya uçuşlar həyata keçirəcəyi haqqında məlumat yayıldı: "Amma bu istiqamətdə uçuşlar olmadığı üçün heç bir reys də ləğv olunmayıb. "Buta Airways" üçün prioritet istiqamətlərdən biri də Alanyada yerləşən və xidmət haqqının xeyli ucuz olduğu Qazipaşa hava limanıdır. Şirkət sentyabr ayından uçuşların başlaması üçün hava limanı ilə danışıqlar aparmağa başlayıb. Lakin texniki problemlərə görə uçuşların müvəqqəti olaraq Antalya hava limanında həyata keçirilməsi qərara alınıb. Buna səbəb də bu istiqamətdə uçuşların davamlılığını təmin etməkdir".
Məlumatda qeyd edilir ki, Antalyaya reyslər “Azerbaijan Airlines” (hər gün) və “Turkish Airlines” (həftədə iki dəfə) tərəfindən həyata keçiriləcək. Yüksək tələbi nəzərə alaraq Antalyaya gündəlik çarter reyslər də təşkil olunacaq.
Antalya və Alanyadan başqa birbaşa uçuşlar həmçinin Bodrum, İzmir, Dalaman kimi kurort şəhərlərinə də təşkil olunacaq: "Beləliklə, azərbaycanlı turistlər üçün ənənəvi olan kurortlardan başqa yeni istiqamətə - Alanyaya da uçuşlar həyata keçiriləcək".