...

Xəzər rayonunda Milli Qurtuluş Günü qeyd edilib (FOTO)

Cəmiyyət Materials 13 İyun 2018 18:01 (UTC +04:00)
Xəzər Rayon İcra Hakimiyyətinin və YAP Xəzər rayon təşkilatının birgə təşkilatçılığı ilə 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib.
Xəzər rayonunda Milli Qurtuluş Günü qeyd edilib (FOTO)

Bakı. Trend:

Xəzər Rayon İcra Hakimiyyətinin və YAP Xəzər rayon təşkilatının birgə təşkilatçılığı ilə 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib.

Trend-in məlumatına görə, tədbir ümummilli lider Heydər Əliyevin, “Müstəqilliyi qorumaq onu əldə etməkdən daha çətindir. Azərbaycan dövlətinin rəhbəri kimi əminliklə deyə bilərəm ki, bu gün Azərbaycanın müstəqilliyini qorumaq və əbədi saxlamaq mənim öz canımdan qat-qat artıqdır” fikirlərini də əks etdirən filmin nümayişi ilə başlayıb.

Xəzər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vaqif Həsənov bildirib ki, ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıtması Azərbaycanı olduqca ağır bəlalardan xilas etdi: “Milli Qurtuluş Gününə gedən yol olduqca çətin və ağrılı bir dövrdən keçib. Bu tarix həmin dövr insanlarının yaxşı yadındadır. Azərbaycan hökumətinin başında siyasi idarəçilikdə səriştəsi olmayan yarıtmaz qüvvələr dururdu. Məhz bu baxımdan ölkədə siyasi vəziyyət gündən-günə pisləşirdi. İnsanlarımız əziyyət çəkir, ölkədə az qala vətəndaş müharibəsi vəziyyəti yaranırdı. İndi gözlərimiz qarşısına həmin günləri gətirəndə bir daha əmin oluruq ki, ümummilli lider Heydər Əliyev o gün üçün həll edilməsi mümkün olmayan bir problemi həll edə bilmiş, Azərbaycanı o ağır durumdan xilas etməyi bacarmışdı. Birmənalı olaraq qeyd etmək lazımdır ki, bu gün Azərbaycanın varlığı, bir dövlət kimi öz müstəqilliyini əldə etməsi, qoruyub saxlaması, istər daxili, istərsə də xarici siyasətdəki uğurları Heydər Əliyev siyasətinin əsas meyarlarını özündə ehtiva edir. Əgər ulu öndər həmin vaxt vəziyyəti yerində öyrənib araşdırmasaydı, bu gün nəinki Azərbaycanın, ümumiyyətlə, bizlərin fərd kimi varlğından söhbət gedə bilməzdi. Ona görə də hər birimiz ulu öndər Heydər Əliyevin ruhu qarşısında ehtiramla baş əyməliyik ki, 15 İyun – Milli Qurtuluş Günü kimi möhtəşəm bir tarixi bizə bəxş edib”.

YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov bu il 100 illiyini qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyətinin çətinliklə əldə etdiyi, lakin o dövrdə göstərilən təzyiqə tab gətiməyərək saxlaya bilmədiyi müstəqilliyimizin arada uzun illər keçdikdən sonra yenidən, bu dəfə əbədi qazanılmasının tarixi əhəmiyyətindən danışıb: “Bir əsrdə iki dəfə istiqlaliyyətə qovuşmuş Azərbaycanın müstəqillik taleyi o qədər də ürəkaçan olmadı. 1918-ci ildə yaradılan Azərbaycan Xalq Cümhuriyyətinin varlığına bolşevik Rusiyasının işğalı son qoydu, 1991-ci ildə ikinci dəfə azadlığına qovuşmuş ölkəmizi isə təhlükəyə sürükləyən hakimiyyətdəki səriştəsiz insanlar oldu. Hakimiyyətdə olan AXC-Müsavat cütlüyünün “səriştəsi sayəsində” ictimai həyatın bütün sahələrində xaos, hərc-mərclik baş alıb gedirdi. Orduda vəziyyət günü-gündən ağırlaşır, fərarilik halları getdikcə artırdı. Silahlı qüvvələr adlanan könüllü qruplaşmalar mərkəzi hakimiyyətə tabe olmur, özlərini sərbəst aparır, düşmənlə vuruşmaqdansa şəxsi maraqların və maddi mənafeyin girovuna çevrilirdilər. Təbii ki, bu cür hakimiyyət boşluğundan hər zaman yararlanmaq istəyənlər tapılır. Həmin vaxt hərəkətə keçən düşmənlərin əsas məqsəd isə Azərbaycanın müstəqilliyinə son qoymaq idi. Bu azmış kimi, ölkədə hakimiyyətə yiyələnmək üçün ayrı-ayrı şəxslər və qruplar arasında qızğın mübarizə gedirdi. Belə bir çıxılmaz vəziyyətə düşən Azərbaycanın bir xilas yolu vardı. Daha doğrusu, xalqın yeganə ümidi Naxçıvana, ulu öndər Heydər Əliyevə idi. Vətənin bu ağır günündə xalq Azərbaycanın görkəmli oğlu Heydər Əliyevi Naxçıvandan Bakıya dəvət etdi. Ulu öndər Heydər Əliyev xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edərək iyunun 9-da Bakıya gəldi və qısa vaxt ərzində Azərbaycanda vətəndaş müharibəsinin qarşısını ala bildi. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Məhz ümummilli liderimiz Heydər Əliyev müasir Azərbaycan dövlətinin varlığını qorudu”.

YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə 15 İyun - Milli Qurtuluş Gününün Azərbaycanın tarixində tutduğu önəmli mövqeyindən söz açaraq diqqətə çatdırıb ki, bu gün Azərbaycanın sürətli inkişafının əsasında birmənalı olaraq ulu öndər Heydər Əliyev siyasəti dayanır: “Hesab edirəm ki, Milli Qurtuluş Günü Azərbaycan xalqının şərəf tarixində xüsusi önəm daşıyır. Ona görə ki, həmin dövrdə Azərbaycan “ölüm və ya olum” dilemması ilə qarşı-qarşıya idi. Ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı bütövlükdə Azərbaycanı qorudu, insanlarımızın Vətənlərinə və torpaqlarına olan inamını geri qaytardı. Məhz bundan sonra Azərbaycan müasir, güclü dövlət kimi formalaşmağa başladı. Bu vaxta qədər ölkədə siyasi sabitlik deyil, siyasi anarxiya, iqtisadi inkişaf deyil, iqtisadi tənəzzül dərinləşir, insanlarımız çörəklə sınağa çəkilirdi. 1991-ci ilin oktyabrın 18-də Azərbaycanda Müsəqillik haqqında Konstitusiya Aktı qəbul olundu. Buna baxmayaraq, ölkədə müstəqilliyin atributlarından söhbət gedə bilməzdi. Təəssüflər olsun ki, o vaxt ölkənin başında duran rəhbərlər yalnız vəzifə uğrunda mübarizə aparır, ölkəni talan etmək, insanların hüquqlarını pozmaqla məşğul idilər. Beləliklə, Azərbaycan dövlətinin məhvi yaxınlaşırdı. Vətəndaşlar yaxşı bilirdilər ki, Azərbaycanı düşdüyü bu çətin, ağır vəziyyətdən yalnız bir insan xilas edə bilər. Təsadüfi deyil ki, ulu öndər Heydər Əliyevin hakimiyyətə gəldiyi ilk gündən etibarən Azərbaycanda siyasi sabitlik bərqərar olundu. Heydər Əliyev qətiyyəti, iradəsi bütün çətinliklərə sinə gərdi və Azərbaycan dövlətini dirçəltdi. Məhz bundan sonra ölkənin qarşısında yeni imkanlar açıldı.

Xüsusilə qeyd etmək lazımdır ki, 1994-cü ilin 20 sentyabrında məhz Heydər Əliyevin qətiyyəti, siyasi iradəsi nəticəsində “Əsrin müqaviləsi” kimi ölkəmizin gələcəyini dəyişən mühüm tarixi sənəd imzalandı. Məhz bundan sonra Azərbaycanın iqtisadi inkişafının təməli qoyuldu. Ümummilli lider hər dəfə çıxışlarında qeyd edirdi ki, iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir. Ölkədə siyasi və iqtisadi sabitliyin bərqərar olunması Azərbaycanı yeni inkişaf müstəvisinə çıxardı. Birmənalı olaraq qeyd etmək lazımdır ki, bu gün ölkə başçısı İlham Əliyev tərəfindən uğurla aparılan dövlət siyasətinin əsasında məhz Heydər Əliyevin ölməz ideyaları dayanır. Məhz bunun nəticəsidir ki, Azərbaycan bu gün inkşafını özü təmin edən, güclü, müstəqil, müasir respublikadır. Heç şübhəsiz ki, Azərbaycan bundan sonra da Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın həyata keçirdikləri uğurlu daxili və xarici siyasətin nəticəsində getdikcə daha da möhkəmlənəcək, davamlı uğurlara imza atacaq”.

Həmkarlar İttifaqı Konfederasiyasının Təhsil İşçiləri Həmkarlar İttifaqının Xəzər rayon şöbəsinin sədri Həzərxan Əbilov ulu öndərin Azərbaycan tarixindəki əvəzsiz rolundan danışaraq bildirib ki, 1993-cü ildə ümummilli lider Heydər Əliyev öz xalqının ən çətin məqamında onun səsinə səs verərək, Azərbaycanın dövlət müstəqilliyinin dönməz və əbədi olmasını təmin etdi.

Tədbirin sonunda Xəzər rayonunun ictimai işlərində fəallıq nümayiş etdirən bir qrup gənc mükafatlandırıldı.

Tədbir bədii hissə ilə davam etdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti