...

DİN: Saxlama yerlərində insan hüquqlarının pozulması halı aşkarlanmayıb

Cəmiyyət Materials 20 İyun 2018 18:04 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva -Trend:

Son 10 ildə Daxili Işlər Nazirliyinin (DIN) 72 müvəqqəti saxlama yerində aparılan monitorinqlər zamanı insan hüquq və azadlıqlarının pozulması halı aşkarlanmayıb.

Trend-in məlumatına görə, bunu daxili işlər nazirinin müavini İsmət Əliyev "Hüquq bərabərliyinin təmin olunmasında və təşviqində milli insan hüquqları təsisatlarının rolu" mövzusunda keçirilən Ombudsmanların XV Bakı Beynəlxalq Konfransında çıxışı zamanı deyib.

İ.Əliyevin sözlərinə görə, Ombudsmanın Milli Preventiv Qrupunun üzvlərinin, yerli və beynəlxalq QHT-lərin, İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin və digər aidiyyəti qurumların əməkdaşları tərəfindən polisin müvəqqəti saxlama yerlərində birbaşa məhdudiyyətsiz monitorinq keçirilməsinə şərait yaradılır:

"Ümumən polis əməkdaşları tərəfindən insan hüquq və azadlıqlarının pozulması hallarına dair daxil olan şikayətlər, KİV-lərdə yayılan məlumatlar üzrə DİN tərəfindən xidməti araşdırmalar aparılır. Nəticələri barədə lazımi tədbirlər görülür".

İ.Əliyev əlavə edib ki, DİN-də vətəndaşların müraciətinə baxılmasına xüsusi diqqət yetirilir, vətəndaşların elektron qaydada müraciət etməsi üçün imkanlar yaradılıb:

"Hər bir müraciət üzrə müvafiq tədbirlər görülür. Bununla bərabər, əhali arasında maarifləndirmə işləri də aparılır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti