...

Şəki veteran hərakatın ön sırasındadır (FOTO)

Cəmiyyət Materials 20 Sentyabr 2018 17:33 (UTC +04:00)
Şəki və ətraf rayonların veteran təşkilatlarının nümayəndələri ilə görüş olub.
Şəki veteran hərakatın ön sırasındadır (FOTO)

Bakı. Trend:

Respublika Veteranlar Təşkilatının sədri, general-polkovnik Tofiq Ağahüseynov və təşkilatın sədr müavini, polkovnik Cəlil Xəlilov Şəki şəhərində Şəki və ətraf rayonların veteran təşkilatlarının nümayəndələri ilə görüşüblər.

Görüşdə müharibə, əmək veteranları, ziyalılar və yerli dövlət orqanlarının nümayəndələri iştirak ediblər.

Görüşdə veteran təşkilatlarının fəaliyyəti, onların qarşısında duran vəzifələr və yerli icra hakimiyyəti orqanları ilə birgə işin daha da səmərəli təşkilində bu təşkilatlara lazımı köməkliyin göstərilməsi və s. məsələlər müzakirə edilib.

Şəki şəhər Veteranlar Təşkilatının sədri Mustafa Əhmədov tədbiri açaraq cari ildə görülən işlər, veteran təşkilatının fəaliyyətinin daha da canlandırılması, xüsusilə gənclərin hərbi vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi sahəsində qarşıda duran vəzifələr, digər planlar barəsində ətraflı məlumat verib.

" Hörmətli qonaqlar Şəkidə sizləri salamlamaq bizim üçün xoşdur. Şəki hər sahədə ölkəmizin qabaqcıl şəhərlərindən biridir. Qədim tarixə malik Şəki zamanın sınağından çıxıb. Onun sakinləri vətənpərvərliyi, işgüzarlığı, səmimiyyəti ilə seçilir. Respublikanın ən qabaqcıl regionlarından olan Şəkidə veteranlara dövlət tərəfindən göstərilən diqqət və qayğı göz önündədir. Şəki şəhər Veteranlar Təşkilatında yaradılmış şərait yüksək səviyyədədir. Bizim həyata keçirdiyimiz tədbirlərin səviyyəsi və əhatə dairəsinə görə daim fərqlənir. Veteranların ictimai-siyasi proseslərdə və vətənpərvərlik tərbiyəsinin təşkilində iştirakı ürəkaçandır. İcra Hakimiyyətinin tədbirləri, eləcə də digər tədbirlərdə veteranların iştirakı artıq zərurətə çevrilib. Biz veteranlar daim xalqımıza, dövlətimizə sadiqik və bunu əməllərimizlə göstərir və hər zaman göstərəcəyik”.

T.Ağahüseynov veteranlarla səmimi söbət edərək, onların qarşısında duran vəzifələrdən və gənc nəslin vətənpərvərlik tərbiyəsində veteranların daha yaxından iştirak etmələrinə dair tapşırıqlarını verib.

C. Xəlilov çıxış edərək ölkəmizdə həyata keçirilən quruculuq işləri, Azərbaycanda müasir, güclü Ordunun qurulmasından və Respublika Veteranlar Təşkilatının ölkə həyatında, ictimai-siyasi proseslərdə yaxından iştirakı haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib. O, Şəkinin, eləcə də ətraf rayonların ziyalı və veteranlarının bu işlərdə rolunu yüksək qiymətləndirib.

Çıxış edən veteran və ziyalılar bundan sonra da əllərindən gələni edəcəklərinə, veteran hərəkatının gücləndirilməsi üçün səy göstərəcəklərinə əminlik ifadə ediblər.

Daha sonra T.Ağahüseynov və Təşkilatın sədr müavini Şəkinin qəhrəmanlıq simvolu sayılan Əhmədiyyə Cəbrayılovun və oğlu Mikayıl Cəbrayılovun yaşadıqları ev muzeyinə gələrək onların həyat və fəaliyyətlərini əks etdirən eksponatlarla tanış olublar. Bu insanların gənc nəslə nümunə olan qəhrəmanlıqlarının tanıdılması üçün lazımı tədbirlərin həyata keçirilməsinin zəruriliyi vurğulanıb.

Səfər çərçivəsində Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubovla veteranların görüşü də keçirilib. E.Usubov qonaqları, xüsusən də, general-polkovnik T.Ağahüseynovu doğulduğu şəhərdə görməyindən məmnun olduğunu bildirib. Vetanlara diqqət və qayğı göstərilməsi, onların sosial problemlərinin həlli və s məslələr Şəki Şəhər İcra Hakimiyyətinin qarşısında duran əsas vəzifələrdən biri kimi səciyyələndirib. Veteranların gənclərin tərbiyəsində, ümumən rayonun ictimai-siyasi həyatında yaxından iştirakına xüsusi önəm verdiyini bildirib.

Göstərilən qonaqpərvərliyə görə təşəkkür edən T.Ağahüseynov Şəkinin veteran hərəkatında ən qabaqcıl rayonlardan biri olduğunu diqqətə çatdırıb. Şəhər Veteranlar Təşkilatının dövlət və yerli orqanlarla əməkdaşlığının gələcəkdə daha yüksək səviyyəyə qaldırılacağına inam ifadə edib. Veteranlara göstərdiyi diqqət və qayğıya görə dərin təşəkkürünü bildirən T.Ağahüseynov E.Usubovu “General Səməd bəy Mehmandarov” yubiley medalı ilə və “Veteranların qayğıkeşi” diplomu ilə təltif edib.

Sonda xatirə şəkli çəkdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti