Bakı. İlhamə İsabalayeva, Ceyhun Ələkbərov - Trend:
Son günlər Abşeron rayonu ərazisində fəaliyyətə başlamış ulaq təsərrüfatı və ulaq südündən istifadə olunması müsbət bir yenilik kimi ictimaiyyətə təqdim olunur.
Qida Təhlükəsizliyi Agentliyindən Trend-in sorğusuna cavab olaraq bildiriblər ki, heç bir elmi əsaslara söykənmədən, həmin məhsullardan istifdə olunması istiqamətində əhali arasında təbliğat işləri həyata keçirilir.
Məsələ ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri sözügedən təsərrüfat sahəsinə baxış keçirib və məlum olub ki, həmin təsərrüfat subyekti qanunvericiliyi pozaraq, qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyətə başlayıb. Məlumat üçün bildiririk ki, qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin qeydiyyatı qanunvericiliyin tələblərinə uyğun olaraq Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilir.
Qeyd olunan təsərrüfat subyekti bir neçə gün əvvəl məhsulların keyfiyyət göstəricilərini müəyyən etmək üçün Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinə nümunələr təqdim etmiş və nəticələrlə bağlı heç bir müvafiq sənəd olmadan məhsulun satışına başlamışdır. Qeyd olunanlar “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun (maddə 7) kobud şəkildə pozulmasıdır və bununla bağlı, Agentlik tərəfindən həmin təsərrüfat subyektinin fəaliyyəti nəzarətə götürülüb, heyvanlardan qan və süd nümunələri götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitunun müvafiq laboratoriyasına təqdim edilib.
Agentlik bəyan edir ki, heç bir elmi əsaslara, tədqiqat işlərinə, laborator müayinələrinin nəticələrinə istinad etmədən, ulaq südünün yüksək keyfiyyətə malik, müalicəvi məhsul kimi təqdim olunması yolverilməzdir və bu insanlar arasında çaşqınlığa gətirib çıxarır. Ümumiyyətlə, beynəlxalq təcrübədə bu tip yeni təsərrüfat sahələri fəaliyyətə başlamazdan, məhsullar istehlakçılara təqdim olunmazdan əvvəl, bu sahədə elmi-təcrübi işlər həyata keçirilir, məhsulun normativ-texniki sənədləri hazırlanıb təsdiq olunur, istehsalın standartları müəyyənləşdirilir və yalnız bundan sonra məhsulların istifadəsi haqqında müvafiq qərar qəbul olunur.
Hazırda ölkəmizdə ulaq südünün istifadəsi, müalicəvi əhəmiyyəti barədə heç bir normativ sənəd mövcud deyil.
Qida Təhlükəsizliyi Agentliyi tərəfindən qeyd olunan təsərrüfat subyektinin fəaliyyəti ilə bağlı araşdırmalar davam etdirilir, aparılan araşdırmaların nəticəsi ilə bağlı məlumatlar ictimaiyyətə təqdim olunacaq.
Qeyd edək ki, Azərbaycanda ilk dəfə olaraq ulaq südünün istehsalına başlanılıb.
Trend-in məlumatına görə, Şəki şəhər sakini Ülvi Hidayətzadə bildirib ki, hazırda Bakı kəndlərinin birində açdığı fermada 100-ə yaxın uzunqulaq var, hər bir heyvan baytar nəzarətindən keçib, müvafiq sənədləri var:
"İnək südü ilə müqayisədə, uzunqulaq südünü əldə etmək çox çətindir. Normalda südlük cins inək günə 20-30 litr süd verdiyi halda, uzunqulaq 200-300 qram süd verir. Süd pasterizə olunduqdan sonra onları xüsusi şüşə qablara dolduraraq, soyuduculara yerləşdiririk. Normalda insanlar südü aldıqdan sonra qaynadaraq və yaxud çiy formada içirlər. Ancaq uzunqulaq südünü 4 dərəcədən aşağı temperatura qədər soyutmaq lazımdır, isitdikdə isə qaynama dərəcəsinə çatdırmaq olmaz”.
Qiymətlərə gəldikdə isə sahibkar südün 200 qramının 16 manata, 500 qramının isə 40 manata satıldığını bildirib.