...

UNICEF rəsmisi: Azərbaycanda erkən uşaqlıq dövrü ilə bağlı görülən işlər müsbət nəticə verəcək

Cəmiyyət Materials 24 Mart 2019 07:00 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva - Trend:

"Erkən uşaqlıq dövrü ilə bağlı bu gün gördüyümüz işlər gələcəkdə öz faydasını göstərəcək. Hesab edirəm ki, 20 ildən sonra Azərbaycanda bu istiqamətdə daha müsbət nəticələr əldə olunacaq".

Bunu Trend-ə BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Karvardin deyib.

E.Karvardinin sözlərinə görə, erkən uşaqlıq dövrü uşaqların sonrakı inkişafı üçün də mühüm əhəmiyyət kəsb edərək onların nailiyyətlərinə çox böyük təsir edir.

UNICEF rəsmisi hesab edir ki, həmin dövrün düzgün qurulması uşaqların gələcəkdə fiziki sağlamlığına, məşğulluğuna müsbət təsir edir. Eyni zamanda, ölkədə yoxsulluğun azaldılmasına öz bəhrəsini verir.

Erkən uşaqlıq dövrünün inkişafına uşaqların həm qidalanması, həm sağlamlığı, həm də əqli, psixoloji inkişafının daxil olduğunu nəzərə çatdıran E.Karvardin bildirib ki, bununla bağlı valideynləri məlumatlandırmağı düşünürlər:

"Erkən uşaqlıq dövrünün inkişafı ilə bağlı kifayət qədər səy göstərmişik. Biz bu məsələ ilə əlaqədar valideynlərin maarifləndirilməsini də düşünürük ki, onlar özləri övladlarına hərtərəfli və düzgün qayğı göstərə bilsinlər. Bu, yalnız sağlamlıq deyil, onların psixoloji, əqli inkişafı baxımından da nəzərdə tutulur. Məqsəd erkən uşaqlıq dövründə kompleks inkişafa nail olmaqdır".

2019-cu ildə erkən uşaqlıq dövrü ilə bağlı fəaliyyətlərini davam etdirəcəklərini deyən E.Karvardin qeyd edib ki, bu il Azərbaycan hökuməti ilə əməkdaşlıq çərçivəsində xüsusi qayğıya ehtiyacı olan uşaqların inklüziv şəkildə cəmiyyətdə iştirak etməsi, yeniyetmə və gənclərin cəmiyyətdə fəal olması üçün liderlik bacarıqlarının yüksəldilməsi istiqamətində də işlər aparılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti