Bakı. Trend:
16-17 və 23-24 fevral tarixlərində dünyanın ən böyük natiqlik yarışmasının Azərbaycan üzrə tərəfdaşı olan “Azerbaijan Public Speaking Competition” layihəsinin ilkin mərhələsi yekunlaşıb.
Trend-in məlumatına görə, öyrənmə və yarışma olmaqla 2 hissədən ibarət olan layihədə iştirakçılar 4 gün ərzinə peşəkar və təcrübəli təlimçilər tərəfindən 20 saatlıq təlim kursunda iştirak ediblər. Ümumilikdə təlimlərdə tələbə və şagirdlər olmaqla 108 nəfər iştirak edib.
Layihənin davamı olaraq iştirakçılar növbəti 4 gün ərzində mentorların köməyilə öz təqdimatlarını hazırlayacaqlar. Bu mərhələ yekunlaşdıqdan sonra isə iştirakçılar yarışmada iştirak etmək üçün seçdikləri mövzular üzrə 5-7 dəqiqəlik çıxışlar edəcəklər. Çıxışlar jüri tərəfindən 100 ballıq sistemdə beynəlxalq meyarlara əsasən qiymətləndiriləcək. Yarışmada qalib gələcək iştirakçı, tələbə və şagirdlər arasında Azərbaycanın ən yaxşı natiqi seçiləcək, 13-17 May tarixlərində dünyanın ən böyük natiqlik yarışması olan “International Public Speaking Competition”da Azərbaycanı təmsil etmək hüququ qazanacaqdır. Qalib olan şəxs 54 ölkədən olan qaliblərlə birlikdə 5 gün müddətində Londonda yarışacaq. Bu mərhələni uğurla tamamlayan və qalib gələn şəxs İngiltərədə beynəlxalq tədbirdə iştirak hüququ qazanacaq.
APSC (Azerbaijan Public Speaking Competition) dünya təcrübəsini tətbiq edərək Azərbaycanda gələcək liderləri, natiqləri yetişdirən platformadır.
APSC Britaniyanın 100 ildən artıq təcrübəyə malik ESU “The English-Speaking Union” təşkilatının tanınan tərəfdaşıdır. Əməkdaşlıq çərçivəsində, qalib olan şəxslər beynəlxalq yarışmada iştirak üçün hər il Londona səyahət edirlər.
Eyni zamanda, APSC Amerika Birləşmiş Ştatlarının PSA “Public Speakers Association” təşkilatı ilə əməkdaşlıq edir. Hər il müxtəlif ölkələrdə baş tutan “Beynəlxalq Natiqlər Konfransı” dünyanın hər yerindən korporativ işçiləri, şirkət rəhbərlərini, natiqləri, biznes liderlərini bir araya gətirir. Konfransda Azərbaycandan seçilən şəxslər iştirak edirlər.
İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az və “MAG” verlişidir.