...

Belarusda 31 mart soyqırımı ilə bağlı tədbir keçirilib (FOTO)

Cəmiyyət Materials 1 Aprel 2019 17:49 (UTC +04:00)
Tədbir iştirakçılarına 31 mart soyqırımına aid 2 sənədli filmi nümayiş etdirilib.
Belarusda 31 mart soyqırımı ilə bağlı tədbir keçirilib (FOTO)

Bakı. Trend:

31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Azərbaycanın Belarusdakı səfirliyi bu ölkədə fəaliyyət göstərən Azərbaycan İcmaları Konqresinin və Minskdə fəaliyyət göstərən “Qobustan” ictimai təşkilatının üzvləri və Belarusda təhsil alan azərbaycanlı tələbələr iştirakı ilə anım mərasimi keçirilib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, səfirliyin foyesində 31 Mart-Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı Azərbaycan, rus və ingilis dillərində kitablar və materiallardan ibarət sərgi nümayiş etdirilib.

Mərasimin iştirakçıları 31 Mart soyqırımının qurbanlarının və şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad etdikdən sonra səfiri Lətif Qəndilov çıxış edərək 19-20-ci əsrlərdə ermənilər tərəfindən xalqımıza qarşı törədilən soyqırımı cinayətləri barədə mərasim iştirakçılarına geniş məlumat verib. O bildirib ki, Rusiya ilə İran arasında imzalanmış 1813-cü ildə Gülüstan, 1828-ci ildə Türkmənçay müqavilələrinin nəticəsi olaraq, əzəli Azərbaycan torpaqlarında erməni vilayəti yaradılmış və ermənilərin İran və Türkiyədən kütləvi şəkildə Azərbaycan torpaqlarına köçürülərək, nəticədə tarixi Azərbaycan torpaqlarında indiki Ermənistan dövləti yaradılıb. Torpaqlarımıza yerləşən ermənilər ilk gündən qarşılarına “Böyük Ermənistan” ideyasını qarşılarına qoyaraq xalqımıza qarşı etnik təmizləmə siyasətinə başlayıblar. Səfir 1905-1907-ci illərdə Bakı, Şuşa, Zəngəzur, İrəvan, Naxçıvan, Ordubad, Cavanşir və Qazax bölgələrində azərbaycanlılara qarşı törədilmiş vəhşiliklər haqqında məlumat verərək bildirib ki, bunun davamı olaraq bolşevik bayrağı altında daşınaq birləşmələri 1918-ci ilin mart-aprel aylarında Azərbaycanın Bakı, Şamaxı, Quba, Muğan, Lənkəran və Qarabağ bölgələrində minlərlə azərbaycanlını vəhşicəsinə qətlə yetiriliblər və on minlərlə insanı evlərindən didərgin salıblar. O qeyd edib ki, ermənilər Sovet İttifaqının dövründə də xalqımıza qarşı soyqırımı siyasətini davam etdirib, 1948-1953-cü illərdə hazırkı Ermənistan ərazisindən 300 minə yaxın azərbaycanlının deportasiya olunmasına nail olublar və 1988-1989-cu illərdə xalqımıza qarşı başlanmış hərbi təcavüz nəticəsində bir milyondan çox soydaşımızı Ermənistandan, Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən və işğal olunmuş digər rayonlarından zorla qovublar.

L.Qəndilov xalqımızın başına bu qədər fəlakətlərin gəlməsini unutqanlığımızdan və milli dövlətçiliyimizin olmaması səbəbindən irəli gəldiyini bildirmiş və qeyd etmişdir ki, uzun illər beynəlmiləlçilik ideologiyası adı ilə xalqımızın qan yaddaşı unutdurulub. O, gələcəkdə bu fəlakətlərin təkrarlanmamağı üçün ümummilli lider Heydər Əliyev tərəfindən 26 mart 1998-ci il tarixində imzalanmış 31 Mart tarixinin Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunması haqqında Fərmanı böyük tarixi hadisə kimi qiymətləndirdi. Bununla da Ermənistanın beynəlxalq ictimaiyyəti aldatması prosesinə son qoyulub.

Səfir bildirib ki, bizim artıq güclü dövlətimiz və bu dövləti qoruya biləcək ordumuz var. Dövlətimizin və ordumuzun gücü bizə deməyə əsas verir ki, yaxın vaxtlarda işğal olunmuş bütün ərazilərimiz Azərbaycan dövlətinin nəzarəti altına qaytarılacaq. Bunun üçün tələb olunan yeganə şərt milli birliyimizin qorunması və ölkə rəhbərliyinin ətrafında sıx birləşməyimizdir.

Tədbirdə Belarusda fəaliyyət göstərən Azərbaycan İcmaları Konqresinin sədri Natiq Bağırov çıxış edərək xalqımızın başına gələn faciələrin təkrarlanmamağı üçün xaricdə yaşayan soydaşlarımızı xüsusən gənc nəslin nümayəndələrini baş verənləri dərindən öyrənməyi tövsiyə edib.

Tədbir zamanı iştirakçılara Səfirliyin 31 Mart-Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı hazırladığı pres-reliz paylanıb.

Sonda tədbir iştirakçılarına 31 mart soyqırımına aid 2 sənədli filmi nümayiş etdirilib.

Səfirlik həmçinin cari ilin 30 mart tarixində Belarusun Qrodno şəhərində bu şəhərdə yaşayan həmvətənlərimiz və burada təhsil alan çoxsaylı tələbələrimizin iştirakı ilə 31 Mart-Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anım mərasimi keçirib. Tədbirdə səfir Lətif Qəndilov və Belarus Azərbaycan İcmaları Konqresinin Qrodno filialının rəhbəri Əziz Vəliyev çıxış edərək 1918-ci il soyqırımı barədə mərasim iştirakçılarına geniş məlumat veriblər. Səfirliyin birinci katibi Cavid İbayev və ikinci katibi Ceyhun Məmmədov tədbirdə iştirak ediblər.

Səfirlik 31 Mart-Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı Azərbaycan Respublikası XİN-in, Azərbaycan Respublikasının İnsan Hüquqları müvəkkilinin Bəyanatlarını və Səfirliyin pres-relizini Belarus Respublikasının xarici işlər nazirliyinə və Belarusda fəaliyyət göstərən diplomatik korpusa göndərib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti