...

BSU-da akademik Tofiq Hacıyevə həsr edilmiş tədbir keçirilib

Cəmiyyət Materials 1 May 2019 16:25 (UTC +04:00)
BSU-da akademik Tofiq Hacıyevə həsr edilmiş tədbir keçirilib
BSU-da akademik Tofiq Hacıyevə həsr edilmiş tədbir keçirilib

Bakı. Trend:

Aprelin 30-da Bakı Slavyan Universitetində (BSU) Türkologiya kafedrasının təşkilatçılığı ilə görkəmli dilçi alim, filologiya üzrə elmlər doktoru, professor, əməkdar elm xadimi, akademik Tofiq Hacıyevin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.

Trend-in məlumatına görə, iştirakçılar tədbirin başlanğıcında akademikin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

BSU-nun Azərbaycan filologiyası və jurnalistika fakültəsinin dekanı, professor Eldar Piriyev “Akademik Tofiq Hacıyevin həyatı, elmi və pedaqoji fəaliyyəti” adlı geniş məruzə ilə çıxış edib. O, Tofiq Hacıyevin Azərbaycanda dilçilik elminin və türkologiyanın inkişafında mühüm rolu olduğunu bildirib.

Tədbirdə çıxış edən Türkologiya kafedrasının müdiri, professor Şaban Hüseynov akademik Tofiq Hacıyevin elmi fəaliyyətinin bütün türk dünyasında dilçilik elminin inkişafı üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Akademik Tofiq Hacıyevin tələbəsi, Bakı Dövlət Universitetinin Türkologiya kafedrasının dosenti Qızılgül Abdullayeva çıxışında alimin çoxşaxəli yaradıcılığından, səmərəli elmi fəaliyyətindən, respublikamızda dilçilik elminin inkişafına verdiyi töhfələrdən danışıb. Qızılgül Abdullayeva Tofiq Hacıyevin dilçilik elmi sahəsində elmi məktəb yaratdığını və həmin məktəbin bu gün dilçilik elmimizin ən ciddi problemlərinin həlli ilə məşğul olduğunu diqqətə çatdırıb.

Tədbirdə çıxış edən BSU-nun Azərbaycan dili kafedrasının müdiri İkram Qasımov, Türkologiya kafedrasının dosenti Nuridə Novruzova, Müasir Rus dili kafedrasının müdiri İlyas Həmidov akademik Tofiq Hacıyevin zəngin elmi və pedaqoji fəaliyyəti, yüksək insani keyfiyyətləri haqqında danışıblar. Diqqətə çatdırıblar ki, akademik Tofiq Hacıyev dilçilik elmimizə üslubiyyət məsələləri ilə bağlı sanballı əsərlər verib. Onlar Tofiq Hacıyevin elmi və pedaqoji fəaliyyətinin tədqiqinin vacibliyini bildiriblər.

Alimin oğlu Azər Hacıyev atası ilə bağlı xatirələrini danışıb. O, tədbirin təşkilində əməyi olan hər kəsə və iştirakçılara dərin minnətdarlığını bildirib.

Qeyd edək ki, akademik Tofiq Hacıyev Nəsimi adına Dilçilik İnstitutunun direktoru, Bakı Dövlət Universitetinin türkologiya kafedrasının müdiri, AMEA-nın həqiqi üzvü olub. O, 438 məqalənin, 11 monoqrafiyanın, 34 kitabın müəllifidir.

Tədbirin sonunda Türkologiya kafedrasının dosenti Xatirə Abdullayevanın Tofiq Hacıyevin həyat və yaradıcılığına həsr etdiyi “Qürubu olmayan günəş” filmi nümayiş olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti