...

Ombudsman 4 saylı cəzaçəkmə müəssisəsində Açıq qapı qəbulu keçirib

Cəmiyyət Materials 8 İyul 2019 18:53 (UTC +04:00)
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın fəaliyyətində məhkumların, o cümlədən qadınların hüquqlarının müdafiəsi mühüm yer tutur.
Ombudsman 4 saylı cəzaçəkmə müəssisəsində Açıq qapı qəbulu keçirib

Bakı. Trend:

İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanovanın fəaliyyətində məhkumların, o cümlədən qadınların hüquqlarının müdafiəsi mühüm yer tutur.

Ombudsman Aparatından Trend-ə verilən məlumata görə, bu məqsədlə penitensiar müəssisələrə müntəzəm olaraq başçəkmələr, orada saxlanılan şəxslərlə görüşlər, onların müraciətlərinin qəbulu və araşdırılması həyata keçirilir.

Ombudsmanın Milli Preventiv Mexanizm qismində fəaliyyəti çərçivəsində növbəti dəfə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin qadın məhkumlar üçün 4 saylı cəzaçəkmə müəssisəsində (CÇM) “Açıq qapı” qəbulu təşkil etmişdir.

Qəbuldan öncə Müvəkkil müəssisə rəhbərliyinin və məhkumların geniş tərkibdə iştirakı ilə hüquqi maarifləndirici görüş keçirmiş, dövlətimizin humanizm siyasətinə uyğun olaraq mütəmadi əfv sərəncamlarının verildiyini, amnistiya aktlarının qəbul olunduğunu diqqətə çatdıraraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 10 fevral 2017-ci il tarixdə “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi” barədə Sərəncamının mahiyyəti və əhəmiyyətini vurğulamış, ölkədə həyata keçirilən hüquqi islahatlar barədə ətraflı məlumat vermiş, məhkumlara ünvanlanan geniş izahat və hüquqi maarifləndirmə işi aparılmışdır.

Hüquqi maarifləndirmə məqsədi daşıyan tədbirdə müəssisə ilə tanışlıq məqsədilə Ombudsmanın təşəbbüsü əsasında bir yenilik olaraq Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin professoruna, insan hüquqları və cinayət hüququ ixtisasları üzrə dissertasiya müdafiə etmiş magistrantlara şərait yaradılmışdır ki, bu da onların təcrübi baxımdan məlumatlanması baxımından əhəmiyyətli olmuşdur.

Ombudsman tədbirin yekununda “Açıq qapı” qəbulu keçirəcəyini elan edərək, arzusunda olan hər bir kəsi bu görüşə dəvət etmişdir. O, çoxsaylı məhkum qadınları fərdi şəkildə qəbul edərək, ərizə və müraciətlərini araşdırmış və bəzi müraciətlər isə yerində təmin olunmuşdur.

Bunlarla yanaşı məhkumların müraciətlərində yer alan istintaq, cinayətlərin de-kriminallaşdırılması, digər cinayət və mülki hüquq münasibətləri üzrə məsələlər qanunvericiliyə uyğun şəkildə cavablandırılmış, onlara hüquqları, əfvlə bağlı müvafiq qanunvericiliyin tələbləri, Ombudsmanın səlahiyyətləri izah edilmiş, qəbul olunmuş ərizə və müraciətlər isə müvafiq qurumlar qarşısında qaldırılaraq həllinə yönəlmiş tədbirlər görüləcəkdir.

Qəbul zamanı əmlak, sosial və ailə məsələlərinin həlli ilə bağlı müraciətlər üzrə qadınlara hüquqi məsləhətlər verilmiş və Müvəkkil səlahiyyətləri çərçivəsində ərizələr üzrə, habelə şifahi olaraq qaldırılan məsələlərin həlli istiqamətində tədbirlər görəcəyini bildirmişdir.

Məhkum qadınlar onların hüquqlarını daim diqqətdə saxladığına, əvvəlki qəbullar zamanı etdikləri müraciətlərinin təminində göstərdiyi dəstəyə və vəziyyətləri ilə maraqlandığına görə Ombudsmana minnətdarlıqlarını bildirmişlər.

Müvəkkil müəssisəyə səfəri çərçivəsində məhkum olunmuş və cəzaların icrası qanunvericiliyinə müvafiq şəkildə üç yaşına çatmamış uşağı ilə birgə yaşayan məhkum qadınlara da baş çəkmiş, onların maddi-məişət şəraiti ilə maraqlanmış və uşaqlara öz hədiyyələrini vermişdir.

Yekunda müəssisə rəhbərliyi ilə müzakirələr aparılmış, məhkumların hüquqlarının effektiv təmini, saxlanma şəraitinin daha da təkmilləşdirilməsi ilə bağlı müvafiq tövsiyələr verilmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti