Bakı. Trend:
Yay mövsümündə günəş şüalarından kifayət qədər qorunmadıqda günəş yanıqları qaçılmaz hal alır. Günəş yanıqları ultrabənövşəyi şüaların dəri səthinə zədələyici təsirinin nəticəsidir. Günəşın dəriyə təsir göstərən süaları iki qrupa bölünür: ortadalğalı diapazon (UVB, 285-315 nm) və uzundalğalı diapazon (UVA, 315-400 nm). UVB şüalarının təsiri nəticəsində dəri səthində D vitamini əmələ gəlir. UVA şüaları dərinin daha dərin qatlarına keçir, nəticədə melaninin əmələ gəlməsini sürətlənir və bu zaman dərinin qaralması baş verir.
Günəş yanığının səbəbləri.
Hər iki şüa ilə uzunmüddətli təmas dəridə yanıqlara səbəb olur. Günəş yanıqları günəş şüalarının təsirindən 2-4 saat keçdikdən sonra müşahidə olunur. Bu əlamətlər 24 saat ərzində daha da artmağa başlayır.
Günəş yanığının əlamətləri.
Dəridə qızartı, qaşınma, şişkinlik, ağrı, suluqlar. Əgər günəş şüaları ilə uzun müddət təmas və yanıq səthi çox olarsa, yanıq dərinin dərin qatlarına keçərsə, bu zaman hərarətin yüksəlməsi, titrəmə, halsızlıq, qusma, bədənin susuzlaşması, hətta bayılma və s. müşahidə oluna bilər.
Günəş yanığının hansı fəsadı ola bilər?
Fotoyaşlanma əlamətləri - qırışlar, dərinin elastikliyinin azalması, tünd ləkələrin yaranması. Həm UVA, həm də UVB şüalarının uzun müddətli təsiri nəticəsində gələcəkdə dəri xərçənginin yaranma ehtimalı ola bilər.
Günəş yanıqları zamanı nə etməli?
Sərin, günəş süası düşməyən şəraiti təmin etmək. Zədələnmış dəri səthini maksimum soyutmalı və nəmləndirməli (soyuq kompres, duş və s.). Maye qəbulu vacibdir (adi su, mineral sular). Günəş yanıqlarının müalicəsi yanığın dərəcəsindən asılıdır. Əgər dəridə qızartı, suluqlar varsa, bir neçə gün günəş şüalarından qorunmalı, nəmləndirici, bərpaedici, antiseptik vasitələrin dəri səthinə sürtülməsi kifayətdir.
Yanmış dəri səthinə hansı vasitələr istifadə etmək olar?
Günəş yanığı zamanı dərini qıcıqlanmadan qoruyan, qızartını, ağrını azaldan, sərinləşdirən və zədələnmış dərinin yenilənməsini sürətləndirən maddələrdən, məsələn B5 vitamininin törəməsi olan Dekspantenol istifadə oluna bilər. Günəş yanığı zamanı heç vaxt qatıq, tərkibində vazelin, benzokain, lidokain saxlayan məlhəmlərdən, günəşdən qoruyucu kremlərdən istifadə etməyin. Günəş yanığı bədənin böyük hissəsini əhatə edərsə, hərarət və ya titrəmə, ürək bulanma, qusma, susuzlaşma əlamətləri (susamaq, ağızda quruluq), baş ağrısı, baş gicəllənmə, halsızlıq və bayılma olarsa mütləq həkimə müraciət etmək lazımdır.
Materialda əks olunmus məlumatlar müxtəlif qaynaqlardan, o cümlədən elmi-populyar məqalələr, internet materialları, rəsmi hesabatlar və s. əldə olunmuş, ümumiləşdirilmiş, tərcümə edilmiş və sistemləşdirilmişdir. Materiallardan istifadə olunduqda www.aptekonline.az saytına istinad olunma mütləqdir.