...

Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq Müəssisəsi yaradıldı

Cəmiyyət Materials 1 Avqust 2019 10:08 (UTC +04:00)
Azərbaycanda Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsi yaradılıb.
Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq Müəssisəsi yaradıldı

Bakı. İlhamə İsabalayeva – Trend:

Azərbaycanda Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsi yaradılıb.

Trend-in məlumatına görə, Nazirlər Kabinetinin (NK) qərarı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosial Müdafiə Fondunun nəzdində “Yetkinlik yaşına çatmamış görmə imkanı məhdud şəxslər üçün Bərpa Mərkəzi”, “Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsi” və “Yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün Sosial Sığınacaq” sosial xidmət müəssisələri ləğv edilib.

Onların əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nəzdində Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsi yaradılıb.

Ləğv edilən sosial xidmət müəssisələrinin istifadəsində olan əmlak Həssas
əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinin balansına, onların yerləşdiyi torpaq sahəsi isə istifadəsinə verilib.

Yeni yaradılan müəssisənin saxlanılması üçün tələb olunan xərclər dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərində ƏƏSMN üçün nəzərdə tutulmuş vəsaitlər hesabına həyata keçirilir.

Qərara əsasən, ƏƏSMN bir ay müddətində NK ilə razılaşdırmaqla, Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinin Nizamnaməsini, strukturunu və ləğv edilmiş müəssisələrin işçilərinin say həddi daxilində ştat cədvəlini təsdiq etməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti