...

Rövşən Rzayev Bakı Ali Neft Məktəbində tələbələrlə görüş keçirdi (FOTO)

Cəmiyyət Materials 20 Dekabr 2019 11:08 (UTC +04:00)

Bakı. Trend:

Bakı Ali Neft Məktəbində təhsil alan və çalışan qaçqın və məcburi köçkünlərlə görüş keçirilib.

Bakı Ali Neft Məktəbindən Trend-ə verilən məlumata görə, görüşdə məktəbin rektoru Elmar Qasımov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, Ali Məktəbin və Komitənin məsul əməkdaşları, tələbələr və onların valideynləri iştirak edib.

Tədbirdə çıxış edən Elmar Qasımov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin sürətli sosial-iqtisadi inkişafının əsas xarakterik xüsusiyyətlərindən biri yaşanan tərəqqinin hər bir vətəndaşın həyatında öz əksini tapmasıdır.

Rektor qeyd edib ki, MDB, eləcə də Avropa məkanında qaçqın və məcburi köçkünlərin sayına görə Azərbaycan ilk yerlərdə gələn dövlətlərdən biri olmasına baxmayaraq, bu kateqoriyadan olan insanların həyat səviyyəsinin yaxşılaşdırılması baxımından ən fəal siyasət yürüdən və yüksək nəticələr əldə edən ölkələrdən hesab olunur.

“Qaçqın və məcburi köçkünlərin yaşayış səviyyəsinin daha da yaxşılaşdırılması dövlətimizin həyata keçirdiyi siyasətin əsas prioritetlərindən birini təşkil edir. Bu gün Bakı Ali Neft Məktəbində təhsil alan, çalışan qaçqın və məcburi köçkünlərin timsalında deyə bilərəm ki, cəmiyyətimizin həssas koteqoriyasına aid olan bu həmvətənilərimiz də onlara göstərilən etimadı layiqincə doğruldurlar. İşğal altındakı torpaqlarımızdan olan BANM tələbələri öz intellektual potensialı, nizam-intizamı, xüsusi qabiliyyətləri ilə fərqlənirlər. Onlar arasında ən yüksək - 700 bal toplayanlar, Prezident təqaüdçüləri, qabaqcıl layihə və proqram müəllifləri, beynəlxalq təqaüd proqramlarının qalibləri, xaricdə ən nüfuzlu təhsil ocaqlarında magistr təhsili alanlar, tanınmış yerli və transmilli şirkətlərdə aparıcı vəzifələrdə çalışanlar da var. Hazırda BANM-də 85 nəfər işğal altındakı şəhər və rayonlarımızdan olan tələbə təhsil alır. Onlardan ödənişli ixtisaslarda oxuyanlar təhsil haqqından azad olunublar, eyni zamanda, xüsusi imtiyazlardan da yararlanırlar”. - deyə rektor əlavə edib.

Sonra Dövlət Komitəsinin sədri Rövşən Rzayev çıxış edərək, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri və hazırki səviyyəsi haqqında məlumat verib.

Bildirilib ki, münaqişə nəticəsində doğma yurd-yuvasını tərk etmiş insanlar ağır məhrumiyyətlərə məruz qalıb. Prezident İlham Əliyev məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluğunun təmin edilməsi və maddi rifah halının yüksəldilməsinin qayğısına qalır, bu istiqamətdə nəzərdə tutulmuş tədbirlər ardıcıllıqla yerinə yetirilir.

Xatırladılıb ki, Ulu Öndər Heydər Əliyevin qoyduğu ənənəyə uyğun olaraq, bu il 20 illik yubileyi qeyd edilən Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaitlərinin bir hissəsi qaçqınların və məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə yeni qəsəbələrin salınmasına yönəldilir.
Qeyd edilib ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünü bərpa etməsi üçün güclü ordu ilə yanaşı, savadlı, dünyagörüşlü gənclərə də ehtiyacı var. Gənclərimiz onlar üçün yaradılmış imkanlardan istifadə etməklə yaxşı təhsil almalı, müasir biliklərə yiyələnməli, beynəlxalq tribunalarda xalqımızın və dövlətimizin mövqeyini müdafiə etməlidirlər.

Azərbaycanda təhsilə dövlət qayğısının yüksək səviyyədə olduğu qeyd edilib. Bildirilib ki, insan kapitalının daha da inkişaf etdirilməsi dövlət siyasətinin əsas prioritetlərindəndir. Bu baxımdan təhsil sahəsinə qoyulan investisiyalar böyük əhəmiyyət kəsb edir. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təhsilin inkişafında, onun maddi texniki bazasının möhkəmlənməsində müstəsna xidmətləri var.

Diqqətə çatdırlıb ki, məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün inşa edilən qəsəbələrdə müasir standartlara cavab verən yeni bağça və məktəb binaları da tikilir. Məcburi köçkünlər üçün hər cür imkan yaradılır.

Dövlət Komitəsinin sədri görüş iştirakçılarının suallarını cavablandırıb, tələbələri qaçqınlar və məcburi köçkünlərlə iş sahəsində maarifləndirmə və könüllük proqramlarına qoşulmağa dəvət edib.
Sonda Rövşən Rzayevə BANM-in “Fəxri qonaq” plaketi təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti