...

Qobustan qoruğunda 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirilib (FOTO)

Cəmiyyət Materials 18 Yanvar 2020 17:18 (UTC +04:00)
20 Yanvar hadisələrdən bəhs edən videoçarx nümayiş olunub
Qobustan qoruğunda 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirilib (FOTO)

Bakı. Trend:

Yanvarın 18-də Qobustan Milli Tarix-Bədii Qoruğunda 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Trend-in məlumatına əsasən, tədbirdə ölkəmizin azadlığı və müstəqilliyi uğrunda şəhid olan Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Anım mərasimdə çıxış edən qoruğun direktoru Vüqar İsayev 20 Yanvar faciəsi haqqında danışıb. Qeyd edib ki, bu dəhşətli hadisə yaxın tariximizdə yaşamış olduğumuz ən faciəvi günlərdən biri olsa da, xalqımızın yaddaşına həm də qəhrəmanlıq tarixi kimi həkk olunub: “Ölkəmizin azadlığı uğrunda canlarını qurban verən şəhidlər bu günü öz qanları ilə həm də Azərbaycan xalqının milli oyanış və qəhrəmanlıq salnaməsi kimi müasir tariximizə yazıblar. 1990-cı ilin Yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin gecədə həlak olan vətən oğulları xalqımızın tarixinə parlaq səhifə yazdılar. Xalqımızın milli azadlığı, müstəqilliyi üçün yol açdılar”.

Vüqar İsayev diqqətə çatdırıb ki, xalqımızın milli müstəqillik və azadlıq uğrunda mübarizəsinin rəmzinə çevrilən bu tarixi hadisəyə ilk dəfə siyasi qiyməti ümummilli lider Heydər Əliyev verib.

Daha sonra 20 Yanvar hadisələrdən bəhs edən videoçarx nümayiş olunub, Qaradağ rayonu Qobustan qəsəbəsində yerləşən 321 saylı tam orta məktəbin şagirdlərinin ifasında ədəbi-bədii kompozisiya təqdim edilib.

Həmçinin Dövlət Təhlükəsizlik Xidmətinin mədəniyyət mərkəzinin rəssamlıq kursunun şagirdlərinin əl işlərindən ibarət sərgi, eləcə də 20 Yanvar hadisələrini əks etdirən fotostend nümayiş olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti