Bakı. İlhamə İsabalayeva - Trend:
1- 3 yaş arası və 3 - 6 yaş arası uşaqların qidalanması gündəlik qida maddələrinin miqdarına, rasionun qidalar tutumuna görə fərqlənir. Məktəbəqədər müəssisələrdə uşaqlara təqdim edilən qidalar həm də cəlb edildiyi texniki emala görə fərqlənirlər. Məsələn, 3 yaşa qədər uşaqlara qızardılmış balıq əvəzinə parda bişmiş balıq kotletlərinin verilməsi məqsədəuyğundur.
Trend Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin məlumatına istinadən xəbər verir ki, 9-10 saat məktəbəqədər müəssisələrdə olan uşaqlar üçün 3 dəfə qidalanma təmin edilir. Bu da ümumi sutkalıq rasionun 75-80%-ni təşkil edir. Bu halda səhər yeməyi sutkalıq kalorinin 25%-ni, nahar 35-40%-ni, qəlyənaltı isə 15-20%-ni təşkil etməlidir. Məktəbəqədər müəssisələrdə 12 saat olan uşaqlar isə 4 dəfə qida ilə təmin edilməlidir ki, bu zaman naharla şam yeməyi arasındakı qidalanma sutkalıq kalorinin 10-12%-ni, şam yeməyi isə 20-25%-ni təşkil etməlidir.
Qidada enerji dəyərinin artırılmasının bir neçə üsulları var. Qidaya yağ və ya şəkərin əlavə olunması enerji dəyərini artırır. Lakin yağ (38 kC) şəkərlə (17 kC) müqayisədə daha böyük enerji dəyərinə malikdir.
Son araşdırmalara əsasən, qidada yağın miqdarı elə istifadə olunmalıdır ki, bu, ümumi kalorinin 30-40%-ni təşkil etsin. Uşaqların fiziki inkişaf dövründə enerji çatışmazlığı zamanı zülallar da enerji mənbəyi ola bilər. Zülallar xüsusilə südəmər və erkən yaşlı uşaqlar üçün olduqca vacibdir.
Belə ki boy artımı üçün aminturşular tələb olunur ki, bunlardan yeni hüceyrələr formalaşır (xüsusilə daxili orqan və əzələ hüceyrələri). Bütün aminturşular insan orqanizmini zülalların sintezi üçün vacib olan azotla təmin edir, lakin bəzi əvəz olunmayan aminturşular orqanizm tərəfindən sintez edilə bilmədiyi üçün qida vasitəsi ilə qəbul edilməlidir. Əks təqdirdə orqanizm öz zülallarından istifadə etməklə onları istehsal etməyə məcbur olacaq.