Bakı. Samir Əli - Trend:
Metro stansiyaları bağlandığına görə dayanacaqlarda kart yüklənməsində sıxlıq yaşanır.
Trend-in məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Bakı Nəqliyyat Agentliyi İdarə Heyətinin sədri Vüsal Kərimli bildirib.
Onun sözlərinə görə, bu məsələdə insanlar davranışlarını dəyişməli, növbəlilik prinsipinə, sosial məsafəyə riayət etməlidir: "Ekspres xətlər metro istifadəçiləri üçün açılıb. Ancaq bu xətlər sərnişinlərin "Xətai"dən "İçərişəhər"ə getməsinə görə qurulmur, bunu da nəzərə almaq lazımdır”.
Xatırladaq ki, koronavirus (COVID-19) infeksiyasının Azərbaycan ərazisində geniş yayılmasının qarşısının alınması üzrə dövlət tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində insanların fərdi evlərində və mənzillərində, daimi və ya müvəqqəti yaşadıqları (olduqları) yerlərdə qalmaları tələb olunur.
Qeyd olunanlarla əlaqədar insanların həyat və fəaliyyəti üçün zəruri olan iş və xidmət sahələrindən başqa digər istiqamətlər üzrə fəaliyyət 2020-ci il 31 mart saat 00:00-dan 2020-ci il 20 aprel saat 00:00-dək dayandırılır.
Fərdi evlərdən və mənzillərdən insanların çıxışı - təxirəsalınmaz tibbi yardıma zərurət olduqda, həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda, fəaliyyətinə icazə verilən pərakəndə satış və əhaliyə xidmət göstərən obyektlərə getmək, məişət tullantılarının atılması hallarında, eləcə də xüsusi rejim dövründə fəaliyyət göstərən təşkilatlarda xidməti vəzifələrini icra etmək məqsədilə mümkündür.
İnsanların bir-biri ilə ünsiyyətini minimuma endirmək və bununla da infeksiyaya yoluxmanın sürətinin azaldılması məqsədilə bir sıra iş və xidmət sahələri üzrə fəaliyyət elan olunan müddətdə qadağan edilib.