Bakı. İlhamə İsabalayeva - Trend:
COVID-19 pandemiyası həssas ailələr və uşaqlara uzunmüddətli təsir edir. UNICEF Azərbaycan hökumətinin bu ailələrin ehtiyaclarını qarşılamaq üçün həyata keçirdiyi genişmiqyaslı tədbirləri təqdir edir.
Trend-in məlumatına görə, bunu UNICEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Karvardin bildirib.
O qeyd edib ki, UNICEF bu təsiri azaltmaq üçün bütün mümkün dəstək və yardımı göstərməyə davam edəcək.
E.Karvardin əlavə edib ki, dünyanın hər yerində COVID-19 pandemiyasından uşaqların təhlükəsizliyini, rifahını və gələcəyini qorumaq üçün hərtərəfli tədbirlərin görülməsi lazımdır:
"UNICEF-in hazırladığı Tədbirlərin Görülməsi üçün Gündəlikdə və Birləşmiş Millətlər Təşkilatının COVID-19-un Uşaqlara Təsiri ilə bağlı dünən açıqladığı Siyasət üzrə Analitik İcmalda uşaqlara aid bir neçə həlledici məsələnin görülməsi önə çəkilir. Bu məsələlər COVID-19-un yaratdığı birbaşa təhlükələrdən də kənara çıxır. Bu məsələlərin bir çoxu artıq UNICEF və Hökumət arasında yaxın əməkdaşlıqla həll olunur".
E.Karvardin bildirib ki, uşaqlar və ailələr COVID-19-un təsirini həyatlarının bir çox sahələrində hiss edəcəklər. Azərbaycanda isə UNICEF bütün sahələrdə riskləri minimuma endirmək üçün artıq hökumət və qeyri-hökumət tərəfdaşları ilə işləyir:
"UNICEF körpələrin və azyaşlı uşaqların qidalanması üzrə praktiki məlumatların valideynlərə çatdırılımasını dəstəkləyir. Məktəblərin və məktəbəqədər müəssisələrin zəruri olaraq bağlanmasına baxmayaraq, ölkədə təhsilə əlçatanlıq hələ də təmin olunur. UNICEF virtual dərslərin keçirilməsi məqsədilə Təhsil Nazirliyinə texniki dəstək verir və indiyə kimi uşaqların erkən dövrlərdə, ev şəraitində inkişafını dəstəkləmək üçün, 6 mindən çox uşağı onlayn sessiyalar və çalışma materialları ilə təmin edib. UNICEF Azərbaycan Respublikasının Gənclər Fondu daxil olmaqla, yerli tərəfdaşlarla birlikdə COVID-19 və onun profilaktikası haqqında onlayn informasiya materialların hazırlanması üçün gəncləri səfərbər etmək, onlayn rejimdə həyat bacarıqları təlimi keçirmək, habelə plana uyğun 150 min gənc insana evdə öz ailələrinə dəstək olmaq imkanı yaratmaq məqsədilə işləyir. İndiyə kimi 500-dən çox yeniyetmə onlayn məsləhət və psixoloji dəstək xidmətləri ilə təmin olunub".
O əlavə edib ki, UNICEF Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə də virusun həssas ailələr üzərində sosial-iqtisadi təsirini araşdırmaq məqsədilə dəstək olur və bu zaman tək valideynli, uşağın dövlətin təsisatından geri qaytarıldığı ailələrə, habelə əlilliyi olan uşaqlar kimi xüsusi qayğıya ehtiyacı olanlara adekvat dəstəyin göstərilməsinə xüsusilə diqqət yetirir.