...

Ünvanlı sosial yardımların verilməsi şərtləri asanlaşdırılır

Cəmiyyət Materials 7 May 2020 11:29 (UTC +04:00)
Ünvanlı dövlət sosial yardımların verilməsi üçün bəzi məlumatların vətəndaş tərəfindən müvafiq orqanlara təqdim edilməsinə ehtiyac olmayacaq.
Ünvanlı sosial yardımların verilməsi şərtləri asanlaşdırılır

Bakı. İlhamə İsabalayeva – Trend:

Ünvanlı sosial yardımların verilməsi şərtləri asanlaşdırılır. Artıq bu yardımlarının verilməsi üçün bəzi məlumatların vətəndaş tərəfindən müvafiq orqanlara təqdim edilməsinə ehtiyac olmayacaq.

Trend-in məlumatına görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial təminat siyasəti şöbəsinin müdiri Babək Hüseynov deyib ki, hazırda yardım alan ailənin gəlirində dəyişiklik olduqda vətəndaş 5 gün müddətində bu barədə məlumat verməlidir.

O bildirib ki, "Ünvanlı dövlət sosial yardım haqqında” qanuna təklif edilən yeni dəyişikliyin qəbulundan sonra artıq dövlət orqanlarının elektron sistemlərindəki bütün məlumatlar Nazirlik tərəfindən əldə ediləcək. Buna görə də vətəndaşın bu barədə məlumat verməsinə ehtiyac olmayacaq:

“Vətəndaşdan əməkhaqqının məbləği, pensiya, müavinətin təyin edilməsi, işsiz, məcburi köçkün statusunda olub-olmaması kimi informasiyalar tələb olunmayacaq. Vətəndaş şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçdikdən sonra onun haqqında olan bütün informasiyalar sistemdə görünəcək. Onlardan sadəcə bu informasiyaları təsdiqləmək tələb olunacaq. Ancaq elə gəlirlər var ki, onların elektron sistemdə öz əksini tapmır. Vətəndaşlar bu barədə 5 gündən -15 günədək məlumat verməlidirlər”.

B.Hüseynovun sözlərinə görə, hazırda yardım almaq üçün ailənin tərkibindəki dəyişiklik nəzərə alınır və vətəndaşlar bu barədə müvafiq qurumlara məlumat verməyə borclu idilər. Məlumat verilmədiyi halda vətəndaşa sosial yardımın ödənişi dayandırılırdı və ona 1 il müddətində yardımın verilməsindən imtina edilirdi:

“Artıq bu məhdudiyyət aradan qaldırılır. Vətəndaşın təyinat müddətində ailə tərkibindəki dəyişikliklə bağlı heç bir məlumat verməsinə ehtiyac olmayacaq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti