Bakı. Trend:
ABŞ Helsinki Komissiyasının sədri, Konqresdə Azərbaycan üzrə İşçi Qrupun üzvü, Nümayəndələr Palatasında Florida ştatını təmsil edən Əlsi Heystinqz Azərbaycanın milli bayramı – Respublika Gününün 102-ci ildönümü münasibətilə bəyanat verib.
Trend-in məlumatına görə, konqres üzvü bəyanatında Müsəlman aləmində ilk dünyəvi demokratik dövlət olan və Sovet İttifaqının dağılması ilə yenidən müstəqillik qazanan Azərbaycanın regional sabitliyin qorunması və təhlükəsizlik sahəsində əməkdaşlıqda ABŞ-in tərəfdaşı olduğunu ifadə edib.
Ə.Heystinqz Azərbaycan və İsrail arasındakı dostluq əlaqələrini ön plana çəkərək təqdir edib, 30.000-dən çox yəhudinin doğma evi olan Azərbaycanın İsrailin etibarlı tərəfdarı olduğunu vurğulayıb.
Bəyanatda həmçinin Azərbaycanın regional təhlükəsizlik və sabitlik sahəsindəki rolu, terrorçuluqla mübarizə və nüvə silahlarının yayılmaması, habelə ABŞ-ın Əfqanıstandakı qoşunlarına dəstəyi, BMT və NATO sülhməramlılarına töhfəsi vuğulanıb.