Bakı. Elçin Mehdiyev - Trend:
Biz bundan sonra da COVİD-19 şəraitində yaşamaq yollarını araşdrmalıyıq. Burada qeyd edildiyi kimi iqtisadi böhranın dərinləşməsinin qarsını almaq üçün çox təcili və ciddi tədbirlər görülməlidir.
Trend-in məlumatına görə, bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev parlamentin bu gün keçirilən iclasında 2020-ci ilin dövlət büdcəsinə dəyişikliklərin müzakirəsi zamanı deyib.
B.Əliyev bildirib ki, iqtisadiyyatın elə sahələri var ki, o sahələrlə bağlı ciddi tədbirlər görülməlidir, həmin sahələrdə müəyyən yumşalmalara gedilməlidir:
“O yerlərdə ki, karantin rejiminə əməl etməklə iqtisadi fəallığı təmin edilməsinə imkan var, həmin sahələrdə iqtisadi fəallıq bərpa edilməlidir, insanlar iqtisadi fəallığa cəlb edilməlidir. Bu nəinki bütövlükdə iqtisadiyyatın dirçəlməsinə, eyni zamanda insanların sosial-psixoloji durumuna və cəmiyyətdə münasibətlərin daha da sağlamlaşmasına kömək edən bir ciddi amildir və biz bunu nəzərə almalıyıq”.
Komitə sədri qeyd edib ki, dövlət tərəfindən insanların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində kifayət qədər işlər görülüb və bu işlər öz müsbət nəticəsini verib: “Bunun nəticəsində dünyada bir çox ölkələrlə müqayisədə Azərbaycan öz iqtisadi təhlükəsizliyini təmin edə bilib və eyni zamanda insanların sosial müdafiəsini gücləndirib”.