...

Şirvanşahların sonuncu iqamətgahı olan Buğurt qalasında tədqiqatlara başlanılıb (FOTO)

Cəmiyyət Materials 9 Sentyabr 2020 10:05 (UTC +04:00)
Şirvanşahların sonuncu iqamətgahı olan Buğurt qalasında tədqiqatlara başlanılıb (FOTO)

Bakı. İlhamə İsabalayeva - Trend:

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun “Numizmatika və epiqrafika” şöbəsinin müdiri, t.ü.f.d. Akif Quliyevin rəhbərliyi altında Şamaxı arxeoloji ekspedisiyası Qaladərəsi kəndi yaxınlığında yerləşən, Şirvan hakimlərinin sonuncu iqamətgahı, əfsanəvi Buğurt qalasında arxeoloji tədqiqat işlərinə başlamışdır.

İnstitutdan Trend-ə verilən məlumata görə, buna qədər AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Şamaxı Arxeoloji ekspedisiyası Gülüstan qalasında arxeoloji tədqiqat işləri həyata keçirmiş və əldə edilmiş arxeoloji materiallar əsasında Gülüstan qalasının və ümumilikdə, Şirvanşahlar dövlətinin tarixi ilə bağlı mühüm nəticələr əldə etmişdir.

Buğurt qalasının təqdidi ötən əsrin 70-ci illərində arxeoloq Hüseyn Ciddi tərəfindən başlanmışdı.

Bu il AMEA Arxeoloyiya və Etnoqrafiya İnstitutunun Şamaxı Arxeoloji ekspedisiyası 50 illik fasilədən sonra Buğurt qalasında arxeoloji tədqiqat işlərini bərpa edib.

Buğurt qalası Şamaxı şəhərindən 20 km şimal-qərbdə, hər tərəfi meşə ilə örtülü olan hündür bir dağın zirvəsində yerləşir. Strateji əhəmiyyətinə görə əlverişli mövqeyə malik qalanı ən yaxın məsafədən belə görmək mümkün deyil. Qalanın ətrafında Qaladərəsi, Keçmədin və Qaleybuğurt kəndləri yerləşir. Qalaya gedən əsas yollar Qaladərəsi kəndindən keçir. Buğurt qalasından şərqdə, sıldırım qayalıqlarda Qız qalası adlanan kiçik qəsr də mövcuddur.

Qalanın tikilmə tarixi ilə bağlı dəqiq məlumatlar yoxdur. Aparılacaq arxeoloji tədqiqatlar bu məsələyə aydınlıq gətirəcək.

Arxeoloq A.A.Quliyevin fikrincə bu adi qala deyil, geniş infrastruktura malik orta əsr qala-şəhəridir. Qalada mükəmməl su-kanalizasiya sistemi mövcud olmuş, relyefə uyğun çoxsaylı yaşayış binaları, inzibati binalar, saraylar, məscidlər, su anbarları, hamamlar mövcud olmuşdur. Qala divarları iri qaya və çay daşlarından inşa edilib. İkiqat qala divarlarının arası ilə mühafizəçilərin sərbəst gəzməsi üçün pillələr salınmışdır. Qala divarlarının üzəri gümbəzvari formada hörülüb. Bu da düşmən tərəfindən mühafizəçilərin hərəkətini izləməyə imkan vermirdi. Qalanın ümumi sahəsi 17 ha-dır. Təqribi hesablamalara görə, qala-şəhər kompleksinə daxil ərazidə 30 minə yaxın əhali yaşayıb. Əhaliyə məxsus yaşayış evləri qalanın əsasən aşağı hissəsində yerləşirdi. Binalar yonulmuş qaya və çay daşlarından, bişmiş kərpiclərdən inşa edilib. Pilləvari relyefə uyğun olaraq, bir-birinə paralel küçələrdə inşa edilmiş evlərin kiçik həyətyanı sahələri də mövcud olmuşdur.

Buğurt qalası 1538-ci ildə Səfəvi şahı I Təhmasib tərəfindən alınaraq dağıdılmış, sonuncu Şirvanşah Şahrux əsir alınaraq öldürülmüşdür. Bununla da minillik Şirvanşahlar dövlətinin varlığına son qoyulmuşdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti