...

Qarabağda 70-dən artıq dini abidəyə zərər dəyib - Rusiya Müftilər Şurasının sədri (FOTO)

Cəmiyyət Materials 14 Dekabr 2020 14:18 (UTC +04:00)
Qarabağda 70-dən artıq dini abidəyə zərər dəyib - Rusiya Müftilər Şurasının sədri (FOTO)

Bakı. Trend:

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rektoru “Görüş mədəniyyəti: pandemiya dövründə dini etika” mövzusunda XVI Beynəlxalq Müsəlman Forumunda iştirak edib.

Aİİ-dən Trend-ə verilən məlumata görə, Rusiya Federasiyasının Müsəlmanları Ruhani İdarəsi, Beynəlxalq Müsəlman Forumunun Katibliyi və Rusiya Müftilər Şurasının birgə təşkilatçılığı ilə baş tutan beynəlxalq konfrans onlayn formada keçirilib.

Forum Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsi və Rusiya Müftilər Şurasının sədri, müfti Şeyx Ravil Qaynutdinin müraciəti ilə başlayıb. Ravil Qaynutdin pandemiya dövründə insanların, dövlətlərin ayrı-ayrılıqda qarşılaşdıqları problemlər, o cümlədən sivilizasiyalararası toqquşmalardan bəhs edib. Daha sonra Dağlıq Qarabağ məsələsinə toxunaraq, minlərlə insanın öldüyünü, 70-dən artıq dini abidəyə zərər toxunduğunu vurğulayıb. Müfti müharibənin vurduğu zərərlərin sağalmaz olduğunu, bundan insanların daim əziyyət çəkdiklərini nəzərə çatdıraraq, forum çərçivəsində söz, vicdan azadlığı, insanların hisslərinə hörmət, qarşılıqlı hörmət, tolerantlıq və həmrəylik kimi mühüm mövzulara yer ayrılmasını xüsusi qeyd edib.

Tədbirdə Misirin Baş müftisi Şövqi Əllam, Türkiyə Dəyanət İşləri Başqanının köməkçisi Səlim Arqun, Özbəkistan Müsəlmanları İdarəsinin sədri, müfti Usmanxon Alimov, İslam Əməkdaşlıq Təşkilatının İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırmaları Mərkəzinin (IRCICA) Baş direktoru Halit Eren, Qırğızıstan Müsəlmanları İdarəsinin sədri, müfti Maksatbek Toktomuşev və dünyanın müxtəlif ölkələrini təmsil edən alimlər çıxış ediblər.

Beynəlxalq Forumda Azərbaycan İlahiyyat İnstitutunun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov “Mədəniyyətlərarası dialoq zorakılıq və ekstremizmə qarşı” mövzusunda çıxış edib. Aİİ rəhbəri qloballaşan dövrdə mədəniyyətlərarası dialoqa ehtiyac olduğunu, zorakı ekstremizmin qarşısının alınmasında bu amilin böyük önəm daşıdığını diqqətə çatdırıb.

Forum dünyanın müxtəlif universitetlər və təşkilatlarından olan alimlərin çıxışları ilə davam edib. Bağlanış nitqi ilə Beynəlxalq Müsəlman Forumunun Katibi, Moskva İslam İnstitutunun rektoru Demir Muxetdinov çıxış edərək, iştirakçılara öz təşəkkürünü bildirib.

Qeyd edək ki, Forum böyük İslam filosofu Əbu-Nəsr əl-Farabinin 1150 illiyinə təsadüf edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti