...

UNEC-də ADNSU-nun 100 illik yubileyinə həsr olunan konfrans keçirilib (FOTO)

Cəmiyyət Materials 16 Dekabr 2020 16:57 (UTC +04:00)
UNEC-də ADNSU-nun 100 illik yubileyinə həsr olunan konfrans keçirilib (FOTO)

Bakı. Trend:

UNEC-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) 100 illik yubileyinə həsr olunan Respublika elmi-praktiki konfransı keçirilib.

Trend-in məlumatına görə, onlayn keçirilən konfransda UNEC-in Elm və innovasiyalar üzrə prorektoru, professor Sakit Yaqubov tədbirin Prezident İlham Əliyevin “Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illik yubileyinin keçirilməsi haqqında” imzaladığı Sərəncamdan irəli gələn tədbirlər planı çərçivəsində həyata keçirildiyini bildirib. ADNSU-nun tarixinə qısa nəzər salan professor S.Yaqubov, bu ali təhsil müəssisəsinin tələbə və məzunları arasında ümummilli lider Heydər Əliyev kimi dahi şəxsiyyətin, akademik Azad Mirzəcanızadə, akademik Kərim Kərimov və digər tanınmış ictimai-siyasi xadimlərin, alimlərin, iş adamlarının olduğunu diqqətə çatdırıb.

AMEA-nın müxbir üzvü, professor Akif Musayev “Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin keyfiyyətli kadr hazırlığında rolu” mövzusunda çıxış edib. Professor bu ali məktəbin keçmiş SSRİ-nin ən nüfuzlu ali təhsil müəssisələrindən biri olaraq yüksəkixtisaslı kadrların hazırlığında mühüm rol oynadığını, universitetdə gələcəyin prezidentləri, kosmonavtları, dünya şöhrətli alimlərin təhsil aldıqlarını bildirib. Hazırda ADNSU-nun özünün müasir inkişaf dövrünü yaşadığını, universitetdə yerli və xarici əmək bazarında yüksək potensiala sahib peşəkar mütəxəssislərin hazırlandığını, elm, təhsil və istehsalın məhsuldar vəhdətinə nail olduğunu vurğulayıb.

Sonra UNEC-in professorları Rövşən Quliyev, Arzu Hüseynova məzunu olduqları ADNSU-nun tarixu nailiyyətlərindən, əmək bazarındakı rolundan danışıblar. Bu ali təhsil ocağında neft-qaz sahəsi ilə yanaşı, müasir sənaye istiqamətləri, həmçinin informasiya texnologiyaları, energetika, neft-mexanika, kimya texnologiyaları üzrə mütəxəssislərin hazırlanması həyata keçirildiyini qeyd ediblər.

Konfrans müzakirələrlə davam edib. Müzakirələrdə ADNSU-nun məzunları olan UNEC professorları Mirələm Həsənli, Rasim Həsənov, Gülnisə Abbasbəyli, Yaşar Kəlbiyev universtetin kadr hazırlığındakı rolundan, məzunlarından danışıblar, tələbəlik illəri barədə xatirələrini bölüşüblər.

Sonda professor Sakit Yaqubov ADNSU-nun 100 illik yubileyi münasibətilə universitetin kollektivinə təbrik ünvanlayaraq, zəngin tarixə malik olan bu ali təhsil ocağına gələcək fəaliyyətində uğurlar arzulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti