Bakı. İlhamə İsabalayeva - Trend:
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyi və “ASAN Könüllüləri” Təşkilatının birgə əməkdaşlığı çərçivəsində maska paylanması aksiyasına start verilib.
ÜST-ün Azərbaycan nümayəndəliyindən Trend-ə verilən məlumata görə, aksiya çərçivəsində ASAN Könüllüləri tərəfindən Bakıda yerləşən 5 “ASAN xidmət” mərkəzinə xidmət almaq üçün müraciət edən vətəndaşlara ÜST tərəfindən təmin edilən 100 min tibbi maska və maskadan düzgün istifadəyə dair maarifləndirici flayerlər paylanılması nəzərdə tutulub. Aksiyanın məqsədi COVID-19 infeksiyasının yayılmasına qarşı mübarizədə maskadan istifadənin əhəmiyyətini bir daha vurğulamaq, tibbi maskalar və parçadan hazırlanmış maskaların düzgün taxılması və saxlanmasına dair tövsiyələr verməkdir.
Son günlər COVID-19-a yeni yoluxmaların sayındakı azalma sevindirici haldır. Bu müsbət trendin qorunub saxlanılması üçün ÜST və “ASAN Könüllüləri” Təşkilatı maskadan istifadənin əhəmiyyətini bir daha xatırladır və vətəndaşları ölkə ərazində maskadan istifadəyə dair mövcud tələblərə əməl etməyə çağırır.
Qeyd edək ki, bundan öncə də ÜST tərəfindən Səhiyyə Nazirliyi, Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB) və əhalinin həssas qrupları ilə çalışan bir sıra dövlət qurumları və qeyri-hökumət təşkilatlarına 2 milyon yarım maska təqdim edilib.