...

Türkiyənin Qazi Universitetinin tanınmış professoru MDU-da fəaliyyətə başlayıb (FOTO)

Cəmiyyət Materials 24 Sentyabr 2021 19:48 (UTC +04:00)
Türkiyənin Qazi Universitetinin tanınmış professoru MDU-da fəaliyyətə başlayıb (FOTO)

Bakı. Trend:

Türkiyə Respublkasının qabaqcıl ali təhsil müəssisələrindən biri olan Qazi Universitetinin elektrik-elektronika mühəndisliyi və informasiya təhlükəsizliyi sahələri üzrə tanınmış alimi Ercan Nurcan Yılmaz 2021-ci ilin sentyabr ayından etibarən Mingəçevir Dövlət Universitetinin (MDU) Mühəndislik fakültəsində professor vəzifəsində elmi-pedaqoji fəaliyyətə başlayıb.

MDU-dan Trend-ə bildirilib ki, bununla əlaqədar olaraq, 2021-ci ilin 24 sentyabr tarixində MDU-nun rektoru Şahin Bayramov professor E.N.Yılmazla görüş keçirib.

Görüşdə qardaş ölkənin professorunu MDU ailəsinin üzvü kimi Mingəçevirdə salamlamaqdan məmnunluğunu ifadə edən rektor dəvəti qəbul etdiyinə və universitetin inkişafına göstərdiyi dəstəyə görə ona təşəkkürünü bildirib.

Zəngin ənənələrə, müasir infrastruktura və güclü akademik potensiala malik Türkiyənin nüfuzlu Qazi Universitetinin təcrübəli professorunun MDU-da fəaliyyətə başlamasını bu ali təhsil müəssisəsinin tarixində ilk və önəmli hadisə olduğunu vurğulayan Ş.Bayramov universitetin inkişafına ciddi impuls qazandıracaq bu gəlişi Türkiyə-Azərbaycan qardaşlığının bariz nümunələrindən biri kimi dəyərləndirib.

MDU-nun missiyası, dəyərləri və strateji hədəflərindən bəhs edən Ş.Bayramov son dövrdə universitetin modernləşməsi istiqamətində görülən işlər və yeni tədris ilində qarşıda dayanan vəzifələr haqqında ətraflı məlumat verib.

Dördüncü sənaye inqilabı dövründə əmək bazarının tələblərinin dinamik dəyişdiyini və informasiya texnologiyaları sahəsi üzrə təhsilin önəminin artdığını qeyd edən rektor hazırda bu istiqamətdə kadr hazırlığının daha keyfiyyətli və səmərəli həyata keçirilməsi üçün kifayət qədər yüksək ixtisaslı və təcrübəli professor-müəllim heyətinə, eləcə də xarici ölkələrin qabaqcıl təcrübəsinin tətbiqinə cidd ehtiyac duyulduğunu bildirib.

Azərbaycanda yeni qəbul edilmiş təhsil standartları əsasında bütün ixtisaslar, eləcə də energetika mühəndisliyi və informasiya texnologiyaları üzrə təhsilin məzmununun yenilənməsindən danışan Ş.Bayramov qeyd edilən istiqamətlər üzrə universitetdə rəqabətqabiliyyətli ali təhsil xidmətlərinin göstərilməsi üçün tədris və elmi-metodiki bazanın təkmilləşdirilməsi və müasirləşdirilməsinin, yeni ixtisaslar üzrə təhsilin təşkilinin vacibliyini vurğulayıb.

Qonaq alimin zəngin və uğurlu elmi-pedaqoji fəaliyyətini, eləcə də sahəsi üzrə peşəkar mütəxəssis olduğunu qeyd edən rektor professor vəzifəsində E.N.Yılmazın MDU-nun Mühəndislik fakültəsinin müasir tələblər səviyyəsində yenidən qurulması və kadr hazırlığının keyfiyyətinin daha da yüksəldilməsi işinə əhəmiyyətli töhfə verəcəyinə əminliyini bildirib və ona uğurlar arzulayıb.

Azərbaycanın gənc və dördüncü iri sənaye şəhəri olan Mingəçevirdə olmaqdan və son dövrdə modernləşmə yolunda sürətlə irəliləyən MDU-da fəaliyyətə başlamaqdan məmnunluğunu ifadə edən professor E.N.Yılmaz göstərilən etimada və dəvətə görə universitet rəhbərliyinə təşəkkür edib.

Tərəfdaş universitetin professoru olaraq MDU-da son illər baş verən müsbət keyfiyyət dəyişikliklərini sosial şəbəkələr və xəbər saytları vasitəsilə yaxından izlədiyini diqqətə çatdıran E.N.Yılmaz yeni dövrün ali təhsil müəssisəsinə çevrilməyi hədəfləyən MDU-nun uğurları üçün çalışmaqdan sevinc hissi keçirdiyini deyib.

Əsas məqsəd kimi qardaş ölkənin universitetinin inkişafında pay sahibi olmağı qarşıya qoyduğunu vurğulayan E.N.Yılmaz bununla yanaşı əməkdaşlığın qarşılıqlı fayda və zəngin təcrübə qazandıracağına inandığını söyləyib.

Bildirilib ki, E.N.Yılmaz Türkiyə Respublikasının Qazi Universitetinin Elektrik müəllimliyi ixtisası üzrə bakalavr, Qazi Universitetinin Texniki Elmlər İnstitutunun Elektrik mühəndisliyi ixrisası üzrə magistratura və doktorantura təhsili alıb. Elektrik-elektronika mühəndisliyi üzrə fəlsəfə doktoru və professordur. E.N.Yılmaz 2012-ci ildən Qazi Universitetinin Texnoloji fakültəsinin Elektrik-elektronika mühəndisliyi kafedrasında dosent, 2019-cu ildən professor vəzifəsində çalışır. Onun beynəlxalq indeksli elmi jurnallarda alqoritmlər, proqram təminatı, enerji, informasiya təhlükəsizliyi, elektrik-elektronika mühəndisliyi sahəsi üzrə müxtəlif mövzularda çoxsaylı məqalələri dərc olunub. Eyni zamanda, E.N.Yılmaz bir çox beynəlxalq elmi konqres və simpoziumlarda məruzələrlə çıxış etmiş və bir sıra layihələrin müəllifidir.

Qeyd edək ki, MDU ilə Türkiyənin Qazi Universiteti arasında əməkdaşlığın əsası 2021-ci ilin 15 mart tarixində hər iki universitetin rektorlarının Ankarada görüşü zamanı qoyulub. 2021-ci ilin 22-23 may tarixlərində Qazi Universiteti rektorunun geniş tərkibdə nümayəndə heyəti ilə Mingəçevir şəhərinə səfəri zamanı universitetlər arasında qarşılıqlı maraq kəsb edən sahələrdə işbirliyinə dair əməkdaşlıq protokolu imzalanıb. Bu müddət ərzində hər iki universitetin birgə təşkilatçılığı ilə Azərbaycanın dahi şairi Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş elmi konfransın keçirilib, MDU-nun akademik və inzibati heyəti üzvləri Qazi Universitetində onlayn formatda təşkil edilən seminarlarda və vebinarlarda fəal iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti