...

Nərmin Quliyevanın ölümü ilə bağlı ifadələr məhkəmədə ziddiyyət yaratdı

Cəmiyyət Materials 20 Oktyabr 2021 18:08 (UTC +04:00)
Nərmin Quliyevanın ölümü ilə bağlı ifadələr məhkəmədə ziddiyyət yaratdı

Trend-i buradan izləyin

Bakı. Samir Əli - Trend:

Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunun Dondar Quşçu kəndində qətlə yetirilən azyaşlı Nərmin Quliyevanı öldürməkdə təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Trend-in məlumatına görə, Gəncə şəhər Nizami rayon Məhkəməsinin inzibati binasında hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə qətlə yetirilən Nərmin Quliyevanın nənəsi Leybə Quliyeva və əmisi Arif Quliyev ifadə veriblər.

A. Quliyev bildirib ki, Nərmin Quliyeva itkin düşən gün onlarda olub: "Bizdən atasının paltarını aparacaqdı. Əlavə də əşyalar var idi ki, onları aparmaq üçün mən Nərminə dedim ki, get bacını da götür gəl əşyaları ikiniz aparın. Nərmin gedəndən sonra onun bacısı gəldi və bildirdi ki, Nərmin evə gəlməyib".

A.Quliyev daha sonra bildirib ki, həmin gün axşam saat 18 radələrində Nərminin atası onlara gəlib: "Nərminin atası bizə gəldi, mənimlə birlikdə qonşuda toyaxşamına getdik".

Daha sonra A.Quliyev bildirib ki, o, həmin gün toyaxşamına getməyib.

A.Quliyevin ifadəsi arasında ziddiyyət yaranıb.

Hakim bildirib ki, şahidlərin indiki ifadələri ilə ibtidai istintaqdakı ifadələri arasında ziddiyyət var. Ona görə də növbəti prosesdə Leybə Quliyeva və Arif Quliyevin ibtidai istintaqa ifadələri elan ediləcək.

Proses oktyabrın 27-də davam etdiriləcək.

Xatırladaq ki, 2019-cu ilin noyabrın 19-dan itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci il yanvarın 6-da kənd ərazisində aşkar edilib.

Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində bu ağır cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.

İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.

İ. Süleymanova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələr ilə təqsirli bilinərək barəsində cinayət işi açılıb.

İstintaq orqanı tərəfindən İlkin Süleymanovun barəsində Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) və 145.3-cü (qanunsuz azadlıqdan məhrum etmə, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti